Aşıq festivalı böyük mədəniyyət hadisəsidir

 

Festival iştirakçılarının təəssüratları

 

Xəbər verdiyimiz kimi, noyabrın 12-dən 17-dək ölkəmizdə II Beynəlxalq Aşıq Festivalı keçirildi. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycan, İran, Türkiyə, Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkmənistan, Özbəkistan və Qazaxıstanı təmsil edən aşıq qrupları Bakı, Yevlax, Gədəbəy, Tovuz, Qazax, Şəmkir və Ucarda konsert proqramları ilə çıxış etdilər.

 

Festival işini yekunlaşdırdıqdan sonra təşkilatçı qurumların təmsilçiləri və iştirakçılar təəssüratlarını qəzetimizlə bölüşdülər.

 

Belə tədbirlər aşıqlarımıza stimul verir

 

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev:

- Artıq ikinci dəfə keçirilən Beynəlxalq Aşıq Festivalı Azərbaycan mədəniyyətində bir hadisədir. 8 ölkənin aşıqlarının bir araya gəlməsi, eyni səhnəni bölüşməsi gözəl ənənəyə çevrilməkdədir. Birinci festival 2010-cu ildə təşkil olunmuşdu. Düşünürəm ki, gələcəkdə festival 4 ildən bir yox, daha az intervalla keçirilməlidir. Bu tədbirlər beynəlxalq əhəmiyyəti ilə yanaşı, Azərbaycan aşıqlarına, aşıq sənətinin inkişafına stimul yaradır. Gələcəkdə festivalın konsert proqramlarını digər bölgəlimizdə də təşkil etmək niyyətindəyik. Eyni zamanda hesab edirəm ki, iştirakçıların coğrafiyası da genişlənməlidir. Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan respublikalarında çox gözəl aşıqlar var. Onların da bu tədbirə dəvət edilməsinə ehtiyac var. Bundan başqa, istərdim ki, İraq türkmənlərinin də aşıqlarını bu festivala dəvət edək.

Aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması bu sənətin inkişafına bir təkan oldu. Bölgələrimizdə, Bakıda gənclərdən ibarət yeni kollektivlər yaradıldı. Azərbaycan dövləti, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Aşıqlar Birliyi və digər aidiyyəti qurumlar bu sənətin inkişafı üçün çox işlər görürlər və nəticəsi də göz önündədir.

 

Aşıq sənəti milli ruhun daşıyıcısıdır

 

Filologiya elmləri doktoru, professor, Aşıqlar Birliyi idarə heyətinin üzvü Qəzənfər Paşayev:

- Aşıq festivalı böyük mədəni və ictimai hadisədir. Ozan-aşıq sənətinin yaşadılmasında və bütün dünyaya çatdırılmasında bu festivalın mühüm rolu var. Ən önəmlisi də odur ki, tədbir türk xalqlarının aşıqlarını birləşdirir. Müxtəlif ölkələrin aşıqları Azərbaycan havalarını da oxuyurlar. Bu da mədəniyyətimizin tanıdılması baxımından festivalın bir uğurudur. Aşığın ifasında xalqın həyatından gələn məqamlar əks olunur. Bu baxımdan aşıq sənəti qeyri-adi və qədim dövrlərdən xalqın həyatında yaşayanbu güninkişaf edən bir sənətdir. Aşıq qədər milli musiqini, dili yayan, milli ruhu saxlayan ikinci bir sənət sahibi yoxdur. Ona görə də bu sənət xalq arasında çox sevilir.

 

Bu gün aşıq sənətinə elmi yanaşma var

 

Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu:

- Beynəlxalq aşıq festivalları son illər dövlətimizin bu sənətə göstərdiyi diqqətin, qayğının məntiqi davamıdır. 50-60 il əvvəl ilə müqayisədə bu gün aşıq sənətinə bir elmi yanaşma var. Bu sənət tədris olunur. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində aşıq sənəti şöbəsi, Bakıdakı musiqi məktəblərinin əksəriyyətində saz sinfi var. Bütün bunlar yeniyetmə gənclərimizdə aşıq sənətinə marağın artdığını göstərir. Saz bizim tariximiz, bu günümüz sabahımızdır. Aşıq festivalını bu baxımdan çox yüksək qiymətləndirirəm.

 

«Mədəniyyət» kanalının direktor müavini Nadir Axundov:

- Bu festivalda bir çox türkdilli ölkələrin nümayəndələri təmsil olunur. Onların hamısı aşıq musiqisinin gözəlliyinə toplaşıb. Bizim milli musiqimiz öz başlanğıcını sazdan alıb, ondan sonra isə muğamlarımız gəlir. Əhsən belə xalqa ki, bu musiqini yaradıb yaşadır. Mən bütün konsertlərdə zaldakı tamaşaçıların üzündə bir sevinc, məmnunluq müşahidə etdim. Bu, ulu ozan sənətinin qələbəsidir. Tədbirə dəstək verən Heydər Əliyev Fonduna, Mədəniyyət Turizm Nazirliyinə, Aşıqlar Birliyinə təşəkkür edirəm.

 

Aşıq Yanvar Bədəlov:

- Ölkəmizdə ikinci dəfədir keçirilən beynəlxalq aşıq festivalı bir daha sübut etdi ki, saz, ozan bütün türk xalqlarına məxsusdur. Tədbirə təşrif buyuran aşıqlar mənə yaxınlaşıb deyirlər ki, sizi tanıyırıq, ifanızı bəyənirik. Hesab edirəm ki, bu da festivalın nəticəsidir ki, məni o ölkələrdə tanıdıb. Festival çox yüksək səviyyədə keçdi. Hər zaman da belə olacaq. qədər ki, Azərbaycan dövləti, onun rəhbəri aşıq sənətinin arxasındadır, ona diqqət qayğı göstərir, gələcək festivallar bundan da yüksək səviyyədə keçəcək.

 

Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı:

- Saz bizə Dədə Qorquddan qalıb. Bu günə qədər onu qoruyub bizə çatdıran dədə-babalarımız kimi, biz qoruyub gələcək nəsillərə ötürməliyik. Aşıq sənətinin tanıdılması, gənclərdə bu sənətə qarşı sevginin yaradılması üçün belə festivalların keçirilməsi çox önəmlidir. Bizə bu fürsəti yaratdığına görə təşkilatçılara minnətdaram.

 

Türk dünyası aşıqlarının görüş yeri

 

Aşıq Turqut Yılmaz (Türkiyə):

- Hər şeydən əvvəl saz sevdalılarını bir araya gətirən təşkilatçılara təşəkkür edirəm. Azərbaycanla Türkiyə qardaşdır. Qardaş bir ölkəyə gəlməkdən çox böyük məmnunluq hissi keçirirəm. Bu festivalda Türkiyənin 4 bölgəsindən - İzmir, Qars, Ankara İstanbuldan gələn aşıqlar çıxış edirlər. Əslində mənim köküm Azərbaycandandır. Burada təmsil olunmaqla bir növ dədə-baba yurduma da baş çəkmiş oldum. Hər yerdə sonsuz sevgi, sayğı, hörmət gördük. Bu bizi çox qürurlandırdı. Hesab edirəm ki, ozan-aşıq sənətinin dünyaya tanıdılması, təbliği istiqamətində bu festival həyata keçirilən ən gözəl layihədir.

 

Aşıq Abdulnazar Payanov (Özbəkistan):

- Bu festival türk dünyası aşıqlarının bir növ görüş yerinə çevrilib. Bu tədbirin bir dəyəri ondadır ki, aşıqlar bir-biri ilə təcrübələrini bölüşür, bu sənət haqqında məlumat alırlar. Aşıq sənəti eyni kökdən gəlir, dilimiz, mədəniyyətimiz, musiqimiz eynidir. Azərbaycanın müxtəlif bölgələrinə səfər etdik, aşıq sənətinin bu yerlərdəki mənzərəsi ilə tanış olduq. Düşünürəm ki, belə bir festival təkcə Azərbaycanda deyil, digər türkdilli ölkələrdə keçirilməlidir. Bu isə bütün türkdilli ölkələri bir-birinə daha yaxından tanıtmış olar.

 

Sabit Siktibayev (Qazaxıstan):

- Bu festivalla əlaqədar Azərbaycana ilk dəfə səfər etdim ölkənizdəki bu gözəlliklərlə tanış oldum. Mənim üçün bu tədbirin ən qiymətli tərəfi budur. Digər tərəfdən isə yeni-yeni aşıqlarla tanış oldum, onların ifalarını dinlədim. Getdiyimiz hər bir şəhərin özünəməxsus qonaqpərvərliyi var. İnsanlarınız o qədər mehriban istiqanlıdır ki, adam özünü evindəki kimi hiss edir. İstərdim Azərbaycana yenidən gəlim.

 

Aşıq Almagül Nəzərova (Türkmənistan):

- Bu festival aşıq sənətinə verilən dəyərin göstəricisidir. Etiraf edim ki, Türkmənistanda bu sənət sizdəki kimi qayğı ilə əhatə olunmayıb. Bütün bölgələrdə biz insanların aşıqlara necə hörmətlə yanaşmasının şahidi olduq. Səfər müddətində xalqınızla, mədəniyyətinizlə, musiqinizlə yaxından tanış oldum, mətbəxinizi çox sevdim. İnsanların mehribanlığı, gülərüzlüyü, qonaqpərvərliyi adamı valeh edir. Bu festival mənim kimi Azərbaycana ilk dəfə səfər edənlər üçün bir tapıntıdır.

 

Azərbaycan mənim ikinci vətənimdir

 

Dağıstandan (Rusiya Federasiyası) gəlmiş aşıq qrupunun rəhbəri Rasim İbrahimov:

- İkinci dəfədir bu festivalda iştirak edirəm. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycanda aşıq sənətinə sevgi, diqqət hörmət daha da artıb. Mən Dağıstanın Axtınsk rayonunun icra başçısıyam. Amma məmurluq işi aşıq sənəti ilə məşğul olmağıma mane olmur, çünki bu sənəti çox sevirəm. Harada aşıq sənətinə hörmət ehtiram varsa, mən oraya sevə-sevə gedirəm. Azərbaycan mənim ikinci vətənimdir. Öz vətənimdə çox sevdiyim sənətə göstərilən bu diqqət məni çox sevindirir.

 

Xalqımın qonaqpərvərliyindən qürur duyuram

 

İran Aşıqlar Birliyinin rəhbəri Səlcuq Şahbazi:

- Hazırda aşıq məclislərinin sayı azalıb. Bu sənəti qorumaq üçün dövlət səviyyəsində belə tədbirlərin keçirilməsinə çox böyük ehtiyac var. Artıq ikinci dəfədir bu festivalda iştirak edirəm. Birinci festivalla ikincinin arasında müşahidə etdiyim ən böyük fərq türkdilli xalqların aşıq sənəti təmsilçilərinin bir-biri haqqında daha çox məlumatlı olmasıdır. Digər tərəfdən, Bakıda bölgələrdə o qədər gözəl qarşılanırıq ki, mən xalqımın qonaqpərvərliyindən qürur duyuram.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 6.