Dünya savaşından dostluq və əməkdaşlığa

 

Noyabrın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində I Dünya müharibəsinin 100-cü ildönümü ilə əlaqədar sərgi keçirilib və silsilə tədbirlərin açılışı olub.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel qeyd edib ki, bu müharibə milyonlarla insanın həyatına son qoyub. XX əsrin bu faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər tez-tez keçirilməlidir.

Fransanın Azərbaycandakı səfiri Paskal Monyedünya tarixinin faciəli səhifələrinin daim xatırlanmasının vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, bir vaxtlar savaşda üz-üzə gələn Fransa ilə Almaniyanı bu gün möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.

Sərgidə fransız rəssamı Fernan Zakonun işləri, habelə XX əsrin əvvəllərində və I Dünya müharibəsi dövründə Avropanın həyatını əks etdirən fotoşəkillər nümayiş etdirilir.

I Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində noyabrın 25-də Erix Maria Remarkın eyniadlı romanı əsasında çəkilmiş “Qərb cəbhəsində dəyişiklik yoxdurfilmi göstərilib. Noyabrın 26-da AMEA-da alman tarixçisi Folker Venorun təqdimatı keçiriləcək, noyabrın 27-də “Kapellhausda konsert, noyabrın 28-də isə Jan Klod Leskurun kitabının təqdimatı olacaq.

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 8.