Məlik Dadaşovun xatirəsi yad edildi

 

“O, dünya səhnəsinin görkəmli simaları ilə eyni cərgədə yer tuta biləcək sənətkar idi

 

Noyabrın 24-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktyor, pedaqoq, Xalq artisti Məlik Dadaşovun (1924-1996) anadan olmasının 90 illiyi münasibətilə xatirə tədbiri keçirildi. Tədbirdə aktyorun sənət yoldaşları, tələbələri, doğmaları iştirak edirdilər.

 

Tədbiri aparan Xalq artisti, Teatr Xadimləri İttifaqı sədrinin müavini, həm də Məlik Dadaşovun tələbəsi olmuş Hacı İsmayılov ustadı haqqında söz açdı. Hələ məktəbli ikən onu Sabit Rəhmanın «Nişanlı qız» tamaşasındakı Camal rolunda gördüyünü xatırladı.

Xalq artisti, qocaman rejissor Ağakişi Kazımovun paylaşdığı gənclik xatirələrində də Məlik Dadaşov elə Camalı oynayan yaşdadır. O, Məlik Dadaşovun rol üzərində çalışmalarının digər aktyorlara bir örnək olduğunu, onun «Ölülər» pyesindəki Şeyx Nəsrullah rolu üzərində işləyərkən mətndəki fars kəlmələrini sadəcə əzbərləmədiyini, bu roldan ötrü şərqşünas alim Əli Fəhmidən dərs aldığını dedi.

Məlik Dadaşovun yaradıcılığına yaxından bələd olan sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə aktyorun yaradıcılığı, onu həmkarlarından fərqləndirən xüsusiyyətlərdən danışdı.

Tədbirin aparıcısı Hacı İsmayılov rejissor, Xalq artisti Mərahim Fərzəlibəyova söz verməzdən əvvəl Məlik Dadaşovun səhnədə və ekranda Nəriman Nərimanovun obrazını yaratmaq istəyindən söhbət açdı. Aktyorun bu arzusunu «Bütün Şərq bilsin!» və «Közərən ocaqlar» tamaşalarında gerçəkləşdirən Mərahim müəllim isə onunla işləməkdən böyük zövq aldığını söylədi.

Xalq artisti Zərnigar Ağakişiyeva isə Məlik Dadaşov ilə «Közərən ocaqlar», «Atayevlər ailəsi» tamaşalarında birgə işindən danışaraq, onu aktyorluq potensialına görə dünya səhnəsinin görkəmli simaları ilə eyni cərgədə yer tuta biləcək bir sənətkar kimi səciyyələndirdi.

Xalq artisti Rafiq Əzimov Məlik Dadaşov ilə səhnədə tərəf-müqabil olmağın, üstəlik, onun səhnə quruluşu verdiyi tamaşada rol almağın sənət zövqündən söz açdı.

Milli Dram Teatrının bədii rəhbəri və direktoru İsrafil İsrafilov Məlik Dadaşovun yoxluğunu bütöv bir nəslin yoxluğu kimi səciyyələndirdi, indiki aktyorlarda belə sənət eşqi və energetikasını görmədiyini təəssüflə qeyd etdi.

Sənətkarın oğlu, Xalq artisti Rəfael Dadaşov atasının ondan ötrü sənətdə bir kamerton olduğunu, rol üzərində çalışma texnikasını məhz ondan öyrəndiyini söylədi. O, atasının xatirəsinə göstərilən ehtirama görə ailə üzvləri adından Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 4.