"Xalq ozanlarının deyişməsi"

 

Azərbaycan və Türkiyə aşıqları bir səhnədə

 

Noyabrın 25-də Türkiyə mədəniyyət günləri çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi" konserti keçirildi.

 

Konsertdən öncə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Türkiyənin ölkəmizdə mədəniyyət günlərinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, iki qardaş ölkənin əlaqələrinin güclənməsində bu cür tədbirlərin keçirilməsi vacibdir: "Xalqlarımızın qədim mədəni dəyərlərini özündə əks etdirən aşıq yaradıcılığına hər iki ölkədə xüsusi hörmət var. Azərbaycan və Türkiyə aşıqlarının bir səhnədə yer alacağı bu konsertin də sənətsevərlərə xoş əhval bəxş edəcəyinə inanıram”.

Azərbaycanda aşıq sənətinə dövlət qayğısından danışan şöbə müdiri bu yaxınlarda ölkəmizdə keçirilən II Beynəlxalq Aşıq Festivalını xatırlatdı. Bildirdi ki, belə tədbirlərin gələcəkdə də keçirilməsi əsas məqsədlərimizdəndir. Çünki bu festivallar bütün türk dünyasının mədəni yaxınlaşmasına xidmət edir.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan çıxış edərək bildirdi ki, Azərbaycan və Türkiyə eyni dilə, eyni dinə, eyni mədəniyyətə malik qardaş ölkələrdir. Aşıq yaradıcılığı da ortaq mədəniyyətimizin bir nümunəsi kimi tarixin dərinliklərindən gələrək bu güninkişaf edir.

Sonra söz aşıqlara verildi. İlk olaraq səhnəyə Azərbaycan aşıqları çıxdı. Ardınca Gültəkin Buludoğlu və Bahəddin Yıldızoğlunun aşıq mahnıları və deyişmələri səsləndi. Gədəbəy aşıqlarının deyişmələri də mərasimə rəng qatdı. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılandı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 2.