İstanbulda İslam ölkələrinin turizm əməkdaşlığı müzakirə olunur

 

Noyabrın 25-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) çərçivəsində nazirlərin 30-cu sessiyası işə başlayıb. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, ildə bir dəfə keçirilən sessiyalarda İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunur, müvafiq qərar və tövsiyələr qəbul edilir. COMCEC-in yaranmasının 30 illiyinə həsr olunmuş builki sessiya "İƏT-ə üzv olan dövlətlərdə turizm sahəsinin inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu" mövzusuna həsr olunub.

Tədbir çərçivəsində COMCEC-in maliyyə dəstəyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı nəzərdə tutulur. Layihə komitəyə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

 

Mədəniyyət.-2014.- 26 noyabr.- S. 2.