Arzu qanadlarında

 

Son illər musiqi və incəsənət məktəblərimizin bir çox istedadlı yetirmələri beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edirlər. Onlardan biri də paytaxtın Səbail rayonundakı Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin

V sinif şagirdi Ayan Aslanovadır.

 

Ayan ötən il Türkiyənin İstanbul şəhərində VIII Pera Beynəlxalq Pianoçular Müsabiqəsində 3-cü yeri tutub. Bu il 15-19 fevral tarixində isə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Davorin Yenko adına gənc pianoçuların beynəlxalq festival-müsabiqəsində növbəti uğura imza atıb. 10 ölkədən istedadların qatıldığı müsabiqədə təmsilçimiz qalib adına layiq görülüb.

Ayanın təhsil aldığı məktəbin direktoru Gülnarə Səfərova deyir ki, tədris ocağında istedadlı şagirdlər çoxdur: “Yetirmələrimiz hər il respublika beynəlxalq müsabiqələrdə iştirak edirlər. Ayan Aslanova qazandığı uğurlarla kifayətlənmir özünə qarşı çox tələbkardır”.

Müəlliməsi Səbinə Aslanova isə Ayanın Belqraddakı uğurundan danışdı: “Davorin Yenko adına beynəlxalq festival-müsabiqə Belqrad şəhərində musiqiçinin adını daşıyan məktəb-liseydə təşkil olunmuşdu. Müsabiqə beş yaş qrupu üzrə keçirilirdi. Ayan 10-12 yaş qrupunda çıxış etdi. Bu qrupda 33 nəfər yarışırdı. O, Yozef Haydının sonatasını Edvard Qriqin iki pyesini fortepianoda ifa etdi. Münsiflər heyətinin Makedoniyadan olan üzvü Maya Kastrotoviç Ayana təşəkkür edərək, çoxdandır Haydının əsərlərinin belə gözəl ifasını eşitmədiyini bildirdi. Qeyd edim ki, Serbiyada ölkəmizi yaxşı tanıyırlar. Orada onu da öyrəndik ki, bizdən əvvəl iki azərbaycanlı musiqiçi bu müsabiqədə iştirak edib qalib olub”.

Ayan Aslanova deyir ki, ailələrində hamı musiqiçidir: “Atam, anam mənim yaxşı musiqiçi olmağımı istəyirlər. Ona görə çalışıram ki, valideynlərimin etimadını doğruldum”.

- Ayan, səncə, yaxşı musiqiçi olmaq üçün etmək lazımdır?

- Yaxşı musiqiçi olmaq üçün çox çalışmaq lazımdır. Mənim bu sənətə həvəsim böyükdür. Həm musiqi müəllimim çox tələbkardır. Çalışıram ki, bu sənətin sirrini, incəliklərini öyrənim.

- Öyrənə bilirsənmi?

- Öyrənirəm. Müəllimim bu yolda mənə çox köməklik göstərir. O, dərslərdə bizə görkəmli Azərbaycan dünya bəstəkarlarının yaradıcılığı barədə geniş məlumat verir.

- Müsabiqə necə keçdi?

- Çox maraqlı idi. Çıxış edəndə əvvəlcə bir az sıxıldım. Ancaq sonra hər şey ötüb keçdi. Müsabiqə başa çatdıqdan sonra qaliblər müəyyənləşdirildi. Siyahıda adım başda yazılmışdı. Oxudum ki, birinci yerə layiq görülmüşəm. Çox sevindim...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 15.