Mən fəxr edirəm ki, azərbaycanlıyam”

 

Sentyabrın 26-da Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB), Azərbaycan Gəncləri Fondunun, Dövlət Rəsm Qalereyasının dəstəyi və təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi qaliblərinin sərgisi açıldı.

 

Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İB-nin sədri Çingiz Bayramov layihə haqqında məlumat verərək bildirdi ki, müsabiqəyə Qazax, Ağstafa, Quba, Masallı və digər rayonlardan olan gənclərin 200-dən çox əsəri təqdim olunub. Onlardan 50-dək rəsm qənaətbəxş hesab edilib. Müsabiqə iki qrup üzrə - 14-18 və 18-29 yaş arası gənclər arasında aparılıb.

Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə sektorunun məsul işçisi Rahu Qurbanova, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan və digər çıxış edənlər yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, istedadlarının inkişaf etdirilməsi baxımından belə layihələrin əhəmiyyətini vurğuladılar.

Müsabiqə iştirakçılarından Günel Seyidzadə, Ədilə Əvəzova, Cəlal Ağayev, İsmayıl Əvəzov, Mətin Şərifov, Aydan Ağazadə və başqaları diplomlarla təltif olundular. Sonda sərgiyə baxış keçirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S.12.