Neftçi ömrünün ekran təcəssümü

 

Akademik Xoşbəxt Yusifzadə haqqında bədii-sənədli film çəkilib

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, qocaman neft mütəxəssisi, akademik Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” xatirələr kitabı əsasında “Fədakar” adlı ikihissəli bədii-sənədli film çəkilib. Filmin ssenari müəllifi və baş prodüseri CBC kanalının “Televiziya filmləri studiyası”nın baş redaktoru, şair, dramaturq Eldar İsgəndərzadədir.

 

Eldar İsgəndərzadənin ssenarisi əsasında çəkilən sənədli filmlər bir sıra festivalların qalibi olub. “CBC filmin istehsalı olan “Qaranlıq dünyanın nuru” və “Fransız qadının gündəliyi” filmləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi "Azərbaycan ailəsi" beynəlxalq kinofestivalında mükafat qazanıb. “Günəşin batdığı yer” bədii-sənədli televiziya filmi isə "Xocalıya ədalət" kampaniyası çərçivəsində Almaniyada nümayiş etdirilib. Film Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm rol oynayıb.

Eldar İsgəndərzadə ilə söhbətimizdə “Fədakar” bədii-sənədli filminin ərsəyə gəlməsindən danışdıq.

 

Gördüm ki, ən böyük dastan elə Xoşbəxt müəllimin həyatıdır”

 

Həmsöhbətim ekran əsərinin yaranma tarixini belə xatırlayır: Akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyi münasibətilə lentə alınan bu film Xəzər dənizində neftqaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş görkəmli neftçi-alimin tərcümeyi-halı, əslində Azərbaycanın neft epopeyası haqqında maraqlı hekayətdir. Filmdə qocaman neft mütəxəssisinin mənalı ömrünün maraqlı anlarını, həyat hekayələrini xronoloji ardıcıllıqla təqdim etmişik. Ekran əsərinin layihəsi “SOCAR-Mediaİctimai Birliyi tərəfindən bizə həvalə olundu. Ssenari bəyənildi və yaradıcı qrupu yığdıq. Filmdə çəkilmək üçün bir çox aktyorlar seçimə cəlb olundu. Bu yay bir gün belə boş vaxtımız olmadı. Film üzərində prosesi o qədər maraqlı idi ki, heç istirahət haqda düşünməyə vaxt qalmırdı. Yaradıcı qrup istəyimizə nail olmaq üçün var qüvvəsi ilə çalışdı. Hazırda filmin səsləndirmə mərhələsindəyik. Premyeranı Nizami Kino Mərkəzində keçirməyi düşünürük. Bundan əlavə, filmin televiziya kanallarında da nümayişi gözlənilir”.

Eldar İsgəndərzadə ssenari üzərində bir ilə yaxın işlədiyini deyir: “İlk variantda məqsəd Xoşbəxt müəllim haqqında film çəkmək deyildi. Məqsəd, ümumiyyətlə, neftçilərin əməyini ekranlaşdırmaq idi. Ssenari üzərində işləyəndə Xoşbəxt Yusifzadənin “Ömrümün illəri, izləri” kitabı ilə tanış oldum. Gördüm ki, ən böyük dastan elə Xoşbəxt müəllimin həyatıdır. Onun fəaliyyəti fədakar neftçilərimizin həyatına bir baxışdır. Bu insan neft sənayesində baş verən bir sıra mühüm tarixi hadisələrin canlı şahididir. Ona görə də böyük neftçinin həyatından ssenari yazanda tarixə ekskurs edirsən. Ötən əsrin 30-cu illəri, sonra Böyük Vətən müharibəsi... Beləliklə, Xoşbəxt müəllimin həyat hekayələri əsasında ikihissəli bədii-sənədli film ərsəyə gəldi. Filmin rejissoru Vasif Məmmədzadə, operatoru Rafiq Quliyev, rəssamı İbrahimxəlil Əminovdur”.

Eldar müəllim sənədli film sahəsində yaradıcılığı ilə bağlı suallarımızı da cavablandırdı. Qeyd etdi ki, ssenarisi əsasında çəkilən 124 sənədli filmin əksəriyyəti Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycantelefilm” yaradıcılıq birliyində ərsəyə gəlib. Bir müddət Azad Azərbaycan Televiziyasında (ATV) da sənədli filmlər studiyasına rəhbərlik edib. Burada 20-dən çox sənədli film ərsəyə gətirib. Hazırda çalışdığı CBC telekanalında 47 filmin çəkilməsinə nail olub.

Həmsöhbətimizin sözlərinə görə, son illər bədii filmlərə də geniş imkanlar açılıb. Gələcəkdə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu istiqamətdə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Söhbətimizə filmin rejissoru Vasif Məmmədzadə də qoşulur, mövzunu onunla davam etdiririk.

 

52 məkan - 70 aktyor

 

Rejissor bildirir ki, 70 aktyorun iştirakı ilə 52 məkanda çəkilişlər aparılıb: “Filmi əvvəlcə tam sənədli ekranlaşdırmaq istəyirdik, sonradan bədii-sənədli film kimi çəkməyi qarşıya məqsəd qoyduq. Buna görə də ekran əsərində Xoşbəxt müəllimi 60 yaşına qədər (uşaqlıq, yeniyetməlik dövrüs.) aktyorlar canlandırır. Sonrakı illərdə isə qəhrəmanın özünü çəkmişik. Gözəl yazılan ssenarini rejissor da gözəl işləməlidir. Xüsusən də qəhrəmanımız yaşayırsa, onunla məsləhətləşmələr aparılmalıdır. Xoşbəxt müəllim çəkilişlərdə şəxsən iştirak edir, müəyyən məqamlarda öz fikirlərini bildirirdi. Məsələn, filmdə Xoşbəxt müəllimin anasının obrazını yaradan aktrisanı çəkilişlərdən əvvəl qəhrəmanımızla görüşdürdük. Xoşbəxt müəllim anası haqqında xatirələrini bölüşdü. Nəticədə aktrisa obrazı daha dolğun yarada bildi. Filmdə ən yaddaqalan səhnələr avqust ayında soyuq qış səhnələrinin çəkilməsi idi. Ekran əsəri təxminən altı aya ərsəyə gəldi. İşimizdən razıyıq. Məncə, tamaşaçılar da filmdən razı qalacaqlar”.

Filmin qrim ustası Gürcüstandan dəvət olunub, texniki avadanlıqlar da oradan gətirilib: “Burada həm də Xoşbəxt müəllimin sənədli kadrlarını çəkirdik. Yəni onun gününü lentə alırdıq. Arxiv materiallarından da istifadə etdik. Çəkilişlər əsasən Neft Daşlarında, Bakının ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı, BuzovnaNardaran qəsəbələrində aparılıb”.

Filmdə obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlardan Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırırlar.

Ekran əsəri yanvar ayında, Xoşbəxt Yusifzadənin yubileyi ərəfəsində tamaşaçılara təqdim ediləcək.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 7.