Azərbaycanlı tələbə İtaliyada Qran-pri qazanıb

 

Sentyabrın 13-dən 20-dək İtaliyanın Rimini şəhərində instrumental ifaçıların “Open İtaly” (“Açıq İtaliya”) illik beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə dünyanın bir sıra ölkələrindən musiqiçilər iştirak edirdi.

Müsabiqədə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Elnarə Kəbirlinskayanın şagirdi, IV kurs tələbəsi Pərvin Nəzirli təmsil edib.

Münsiflər heyətinin qərarı ilə Pərvin Nəzirli müsabiqənin əsas mükafatına (Qran-pri) layiq görülüb. Müsabiqənin yekun konsertində təmsilçimiz bəstəkar Adil Bəbirovun “Prelüd-skertso” əsərini ifa edib. Klassik musiqi sərrafları və həvəskarları gənc pianoçunun çıxışını yüksək qiymətləndiriblər.

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 5.