ATİ-də Dünya Turizm Günü qeyd edildi

 

Sentyabrın 27-də Bakı Turizm Peşə Məktəbində Azərbaycan Turizm İnstitutu və «SKAL İnternational» Bakı klubunun Dünya Turizm Günü münasibətilə birgə tədbiri keçirildi.

 

Tədbiri ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov açaraq bildirdi ki, ölkəmizdə turizm sənayesi inkişaf etdikcə, bu əlamətdar günün önəmi də artır. ATİ-də kadr hazırlığından danışan prorektor qeyd etdi ki, indiyədək tədris ocağının 1000 nəfərə yaxın məzunu olub və onların əksəriyyəti müxtəlif hotellərdə və turizm şirkətlərində, turizm təşkilatlarında çalışır.

«Skal-Baku» klubunun vitse-prezidenti Ceyhun Aşurov həmkarlarını təbrik etdi, qurumun fəaliyyətindən danışdı. Sonra ATİ-nin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun «Dünya turizm bazarı və Azərbaycan» mövzusunda təqdimatı oldu.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev ölkəmizdə müasir turizm sənayesinin inkişafından, o cümlədən müalicə turizminin inkişaf perspektivlərindən söz açdı: “Bu turizm ilin bütün fəsillərində rentabellidir. İctimai Birlik olaraq planlaşdırdığımız işlərdən biri tibbi profilə uyğun olaraq, sanatoriya-kurort müəssisələrinin bazasında ATİ və Turizm Kolleci tələbələrinə təcrübə keçməkdir. Azərbaycan Turizm İnstitutunda müalicə işinin təşkili ixtisası var. Amma bunun maddi-texniki bazası yaradılmalıdır».

Tədbirdə daha sonra ATİ tələbələrinin təqdimatları dinlənildi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 4.