Turizm İnstitutunun beynəlxalq əlaqələri genişlənir

 

Azərbaycan Turizm İnstitutuUral İqtisadiyyat Universiteti (Rusiya) arasında «Turizm məhsullarının inkişafı» mövzusunda videokonfrans keçirilib.

 

İki tədris ocağının təmsilçiləri qarşılıqlı məlumat mübadiləsi aparıblar. Müəllim-tələbə mübadiləsinin, elmi təcrübələrin keçirilməsi məsələləri müzakirə mövzusu olub.

ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şimali Kiprin Doğu Akdeniz Universitetinin akademik işlər üzrə proqram koordinatoru Cahit Ezel institutun qonağı olub. ATİ-nin prorektoru Eldar Aslanov, marketinq kafedrasının müdiri Anar Eminov, beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı qonağa tədris müəssisəsi barədə məlumat veriblər. Öz növbəsində Cahit Ezel İngiltərənin Varvik Universiteti ilə birgə həyata keçirdikləri magistratura pilləsi üzrə əməkdaşlıq layihəsi barədə danışıb.

Türkiyənin Kastamonu Universitetinin müəllimi Məhərrəm Avcı isə Mövlanə mübadilə proqramı çərçivəsində ATİ-də mühazirə oxuyub. ATİ 2013-cü ildən Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyənin nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edir. Bu il institutun 4 tələbəsi proqram çərçivəsində Türkiyə universitetlərində bir semestr təhsil almaq imkanı qazanıb. ATİ-nin iki müəllimi proqram üzrə bu il AkdenizGazi universitetlərində mühazirə oxuyacaqlar. Gələn ildən isə ATİ tələbələri Mövlanə proqramı çərçivəsində Kastamonu Universitetində də bir semestr təhsil ala biləcəklər.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 2.