Üz
çevir haqqın yoluna...
XVII-XVIII əsrlər
aşıq ədəbiyyatımızın görkəmli
nümayəndələrindən biri Xəstə
Qasımdır. Onun əxlaqi-tərbiyəvi
əhəmiyyətə malik
qoşma-ustadnamələri dastan
yaradıcılığının zənginləşməsində
xüsusi rol
oynayıb.
Xəstə Qasım təxminən 1684-cü ildə Tehran-Təbriz yolu boyunca sıralanan Qarqalan dağının ətəyindəki Tikmədaş kəndində dünyaya göz açıb. İlk təhsilini kənddəki molla məktəbində alıb. Sonra təhsilini davam etdirmək üçün Ərdəbil şəhərinə gedib. Şeyx Səfi mədrəsəsində dini və dünyəvi elmləri öyrənib. Ədəbi yaradıcılığa da elə o illərdə başlayıb.
Xəstə Qasımın Ərdəbil səfəri dastanından məlum olur ki, o, mədrəsədə oxuduğu illərdə bir çox çətinliklərlə qarşılaşır. Müəllim dərsi nə qədər izah etsə də, o, başa düşmür. Naəlac qalan müəllim onu məktəbdən çıxaracağı ilə hədələyir. Qasım pərişan halda evə qayıdır. Narahat və fikirli halda dərin yuxuya gedir. Röyada Həzrət Əlini görür. Onun əlindən badə alıb içir. Bir gecənin içində təriqətin ən yüksək məqamlarına çatır.
Xəstə Qasım deyir dəst-rəst oldum,
Şah əlindən badə içib məst oldum,
Saylı beş gün Şeyx Səfidə bəst oldum,
Onda bəyan
oldu dörd kitab mənə.
Sonra Qum və
Nəcəf şəhərlərinə
səfər edir. On dörd
il dini
təhsil alır. Ümumiyyətlə, ömrünün 20 ilini elm öyrənməyə
sərf edir. Yaradıcılığından bəlli olur
ki, o, Qurani-Kərimi dərindən bilib. Xəstə Qasım həm də xəttatlıq sənəti ilə məşğul olub.
Öz dəst-xətti
ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürüb:
Xəstə Qasım deyir, qalmadı tabım,
Qızılgültək çəkilibdir
gülabım,
Cədvəlkeş Quranım, qırx
cild kitabım,
Zərnişanlı qələmdanım necə
olsun.
O, Xəstə Qasım, Biçarə Qasım, Molla Qasım təxəllüsləri ilə
şeirlər yazıb.
Onun Xəstə təxəllüsü
ilə bağlı fərqli fikirlər söylənib. Qeyd olunur
ki, haqq aşığı özü
bu təxəllüsü
götürüb. Çünki
o, gənc yaşlarından
təsəvvüf dairəsinə
yaxınlaşaraq ali həqiqət axtarışına çıxıb...
Şairin yaradıcılığı hələ
sağlığında və
ondan sonrakı dövrlərdə də insanların diqqətini cəlb edib. Klassik şeir
janrlarında - qəzəl,
qəsidə, məsnəvi
yazmaqla yanaşı, həm də ilk olaraq aşıq ədəbiyyatında döşləmə
şeir növünün
əsasını qoyub.
Aşıq yaradıcılığında
ilk dodaqdəyməz nümunəsi
də məhz onun adı ilə
bağlıdır:
Oxudum Quranı çıxdım
Yasinə,
İgid
olan ixlas bağlar Yasinə,
Aşıq deyər ya sına,
Namərd boynu ya sına.
Ömrünün çoxunu qürbətdə
keçirdiyindən Xəstə
Qasımın yaradıcılığında
vətən həsrətli
şeirlərin xüsusi
yeri var.
Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan külə döndü gözlərim,
Qərib
yerdə, yad ölkədə gözlərim,
Vətən deyib ağla, ağlar qal indi.
Aşıqla bağlı Xəstə Qasımın Dərbənd səfəri, Xəstə Qasımın Urmiya səfəri , Xəstə Qasımın Dağıstan səfəri dastanları bağlanıb. Özü tərəfindən isə Əliyar və Məsum, Camal ilə Abdulla dastanlarının yaradıldığı söylənilir.
Sənətkar Dön qəbristanə bax misrası ilə başlayan əsərini yazmamışdan qabaq Xaqani Şirvaninin Bax şeirindən təsirlənərək belə yazıb:
İnsan oğlu, qafil olma, aç gözün qəbristanə bax!
Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
Bu dünya dediyin boş müsafirxanədir,
Hər gələn köçər, hər gedən mehmanə bax.
Xəstə Qasım ixtiyar çağlarında doğma Tikmədaş kəndinə dönür, təxminən 1760-cı ildə dünyasını dəyişir.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 15.