Ekrandakı müəllimlərimiz

 

Sənət əsəri, xüsusən də film, teatr tamaşası o vaxt tamaşaçıya daha maraqlı olur ki, ekranda gördüklərin ya sənin yaşantılarına çox oxşayır, axtardığın suallara cavab verir, ya da sənin görmək istədiyini sənə göstərir. Tamaşaçı olaraq gördüyümüz obrazların arasında kimlər yoxdur? İnqilabçılar, hərbçilər, həkimlər, müəllimlər... Ekrandan tanıdıqlarımız və sevdiklərimizlə bağlı bu söhbətimizin qəhrəmanları da müəllimlərdir.

 

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində milli kinomuzun sevdirdiyi müəllim obrazlarını yada salmaq, onların Azərbaycan tamaşaçısına hansı hissləri aşıladığından danışmaq pis olmazdı...

Təbii ki, Azərbaycan müəlliminin ekran obrazından söz düşəndə hər kəsin ilk xatırladığı “Bizim Cəbiş müəllim” olacaq. Halbuki milli kino tariximizdə, bu filmin, onun baş qəhrəmanının populyarlığını təkrar etməsə də, digər müəllim obrazları da az deyil.

 

Cığır açan «Almaz»

 

Cəfər Cabbarlının «Almaz» pyesi elə ilk tamaşasından sübuta yetirmişdi ki, müasir, o zamankı dillə desək, Azərbaycan sovet dramaturgiyasına yeni bir obraz - yeniliyi kəndə gətirən, hüquqsuz qadınları müdafiə edən, kənddə kolxoz quruculuğunu dəstəkləyən mübariz gənc qadın obrazı gəlib. Dövrün siyasi-ideoloji tələblərinə tam cavab verən bu pyes sovet dövründə respublikamızın demək olar ki, bütün teatrlarında dəfələrlə tamaşaya qoyulub.

Pyes Azərbaycanda hələ səssiz filmlər dövründə ekranlaşdırılıb. C.Cabbarlının öz ssenarisi əsasında çəkilmiş «Almaz» filmi dramaturqun vəfatından sonra, 1936-cı ildə ekrana çıxır. Rejissor Ağarza Quliyevin filminin nə qədər uğurlu film olduğunu demək çətindir. Ən azından ona görə ki, onu tam seyr edənlər barmaqla sayılan qədərdir. Baş rolda gənc alim, sonralar kimyaçı akademik kimi tanınacaq İzzət Orucova çəkilib.

«Almaz» filmindən «Bəxtiyar» (1955) filminədək keçən təxminən iyirmi il ərzində Azərbaycan kinosunda nəzərəçarpacaq müəllim obrazı yaradılmayıb.

«Bəxtiyar» filmindəki konservatoriyanın professoru Rəcəbov (Məmmədrza Şeyxzamanov) isə sümüyünün iliyinə qədər müəllim və pedaqoqdur. Professorun filmdə göründüyü ilk epizodu yada salaq. Bəxtiyar, SaşaYusif onun alma bağına «basqın edirlər». Yeniyetmə Bəxtiyarın şirin səsini eşidən professor onu oxutdurub səsini yoxlayır, bağdan edilən oğurluğun heç fərqinə də varmır. Biləndə ki uşaqlar almanı nə məqsədlə dərirmişlər, özü alma yığmaqda onlara kömək edir.

Sonrakı epizodlarda professor Rəcəbovun Bəxtiyarın taleyi ilə maraqlanması, neftçi peşəsinə yiyələnən gənci mükəmməl musiqi təhsili almağa cəlb etmək istəyi isə onun nə qədər uzaqgörən və professional olduğunu göstərir. Əgər «Bəxtiyar» filmi yalnız gənc neftçinin necə professional vokalçıya çevrilməsindən bəhs etsəydi, şəksiz ki, görkəmli aktyor M.Şeyxzamanov professor Rəcəbovu daha sanballı yaradıb sevdirə bilərdi.

 

Rus Əhməd ilə Cəbiş müəllim

 

Qəribə də olsa, çox gözəl və yaşarı filmlərin çəkildiyi 60-cı illərdə Azərbaycan kinematoqrafının təqdim etdiyi ekran əsərlərindəki müəllimlər o dövrün müasirləri deyil. «Dəli Kür» filmindəki Rus Əhməd bir qədər əvvəlin, «Bizim Cəbiş müəllim» isə yaxın keçmişin qəhrəmanlarıdır.

«Dəli Kür» filmi Xalq yazıçısı İsmayıl Şıxlının eyniadlı romanı əsasında ekranlaşdırılıb. Filmin romanı tam əhatə etməməsi, hətta mühüm obrazların belə ssenaridə ixtisar olunması, neçə epizodun sırf ideoloji səbəblər üzündən sonradan “qayçılanması” məlum söhbət olduğundan bu barədə danışmaq istəmirik. Lakin iki tədris üsulunun - mollaxana və dünyəvi məktəbin qarşıdurması filmdə heç də zəif göstərilməyib. Kənddə oğlanları dünyəvi təhsilə həvəsləndirən, onlara savad verən, «niyə faytonçu oğlu fayton sürməli, qəssab oğlu qəssab olmalıdır?!» deyib etiraz edən Rus Əhməd - Əhməd Vəliyev (Eldar Əliyev) azərbaycanlıların Qori seminariyasında təhsili üçün böyük işlər görmüş Çernyayevski (Vladislav Kovalkov) kimi himayədarı və Kipiani (Müxlis Cənizadə) kimi əməl dostu var. Amma yəqin ki, bu filmi dəfələrlə seyr etmiş oxucu bizimlə razılaşar. Dünyəvi təhsilin əleyhdarlarının ümumiləşdirilmiş obrazı, din xadimi, guya ki həm də müəllim Molla Sadıq (Məlik Dadaşov) ilə cəmi iki epizodda görünən müəllim Kipiani (Müxlis Cənizadə) aktyor oyunu baxımından daha qüvvətli obraz kimi yadda qalırlar. Hər iki gözəl aktyorun daxili ehtirası, oynadığı obrazı canlandırmaq istedadı bu surətləri yaddaqalan edir.

«Bizim Cəbiş müəllim» filmi, bu filmin baş qəhrəmanından ən xırda, epizodik rollara qədər hər kəs Azərbaycan kinosevərinin öz taleyi kimi yadındadır. Milli kinomuzda II Dünya müharibəsi zamanı arxa cəbhədəki həyata həsr olunmuş ən gözəl ekran əsərlərindən biridir. O zamankı Bakı ziyalısının, vətənpərvər və uşaqları çox sevən saf qəlbli əsl müəllimlərin prototipi olan Cəbiş sovet müəllimi amalına tam sadiq qalan insandır. Sabun bişirmək bacarığından istifadə edərsə, ailəsini heç olmasa, qarnıdolusu yeməklə təmin edəcəyini bilsə də, bunu müəllim əxlaqına sığışdırmır, hökumətin yeritdiyi siyasətə qarşı çıxmaq kimi dəyərləndirir.

Yəqin ki, oxucu filmin son epizodlarından birində Cəbiş müəllimin bişirdiyi sabunları cəbhəyə yola düşən keçmiş şagirdlərinə payladığı səhnəni, bu zaman dediyi sözləri xatırlayır: «Götürün, sabun təmizlikdir, bala...» Boşalmış çamadanla geri dönən Cəbiş müəllim yenicə açılan Bakı səhərini seyr edib köks ötürür. O bilir ki, heç bir sabun vicdana düşən ləkəni təmizləyə bilməz!

 

70-80-ci illərin müəllimləri

 

Təəssüf ki, bizim telekanallar «Bizi bağışlayın» və «Musiqi müəllimi» kimi filmləri göstərmirlər.

Arif Babayevin son filmi olan «Bizi bağışlayın» (1979) çox aktual mənəvi-etik məsələyə toxunur. İnsan haradan harayadək yüksəlməsində xidməti olan bəzi insanları, xüsusən də həyata və elmə dair təməl bilikləri aldığı müəllimləri unudur. Müəllim isə şöhrətlənən şagirdlərini unutmur. Görkəmli rus yazıçısı Yuri Bondarevin eyniadlı hekayəsi əsasında çəkilmiş filmdə məşhur alimin illər sonra pensiyaya çıxmış orta məktəb müəllimi ilə görüşündə yaşadığı sarsıntı ön plana çəkilib. Sadə, qocafəndi ömür sürən Mariya Petrovna (Yelena Fadeyeva) öz puluna keçmiş şagirdi Nərimanın (Həsən Məmmədov) kitabını da alıb. Nəriman həmin kitabı görəndə xatırlayır ki, böyük uğur qazanarkən doğma şəhərindən ona təbrik teleqramını adını unutduğu (!) və bu üzdən cavab vermədiyi müəlliməsi vurubmuş. Xatirələrlə dolu söhbət məşhur şagirdin unudulmuş müəllimənin dolabındakı həmin kitaba «Bizi bağışlayın» etirafını yazması ilə bitir.

1983-cü ildə ekranlara çıxmış «Musiqi müəllimi» filmi ola bilsin ki, o zaman Sovet İttifaqında çox sevilən bəstəkar-müğənni Sərxan Sərxanın adı ilə populyarlıq qazanmaq niyyəti daşıyırdı. Əslində, dünya kinosunda məşhur müğənniləri musiqili melodramlarda baş rola çəkmək ənənəsi həmişə olub. Amma təəssüf ki, dramaturji materialın zəifliyi, süjetin bəsitliyi - ucqar dağ kəndinə təyinat almış cavan və yaraşıqlı musiqi müəlliminin hər kəsin həyatına yenilik gətirməsi və s. gözlənilən uğurla nəticələnmədi. Filmdə Səyavuş Aslan, Amaliya Pənahova, Həmidə Ömərova kimi məşhur və peşəkar aktyorların çəkilməsi də filmi xilas etmədi.

 

«Qala»ya arxalanan Əbil müəllim

 

Artıq bizim günlərin filmi olan «Qala» filmi (quruluşçu rejissor Şamil Nəcəfzadə) də milli kinematoqrafa kənd müəllimi obrazını bəxş etdi. Ömrünü bacısının yadigarına həsr etmiş tarixçi Əbil müəllim doğma yurdunu erməni işğalından qoruyanların başında duran kişilərin nümunəsidir. Aktyor Vidadi Həsənovun ifasında Əbil müəllim Azərbaycan kənd ziyalısı, həm də həyatı tədris edən, vicdanlı müəllim kimi yadda qalır.

 

* * *

Təbii ki, Azərbaycan filmlərindəki müəllim obrazlarının siyahısı bununla tükənmir. Biz, sadəcə, onların arasında məhz pedaqoqluğu qabarıq göstərilənləri seçdik. Arzu edərdik ki, bizim müəllimlərimiz gənc nəslin təlim-tərbiyəsində həmişə müsbət rol oynasınlar, bizlər də onların qarşısında «Bizi bağışlayın» kimi günah etirafı etməyək! Bayramınız mübarək, əziz müəllimlər!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 11.