Bakıda növbəti yapon sərgisi

 

Oktyabrın 1-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Rusiya Dövlət Şərq Muzeyinin kolleksiyasından gətirilmiş yapon qravüralarının sərgisi açıldı. Qravüralar Yaponiyanın Edo dövrünü (1603-1868) əks etdirir.

 

Açılışda çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin Bakının mədəni həyatında növbəti yaddaqalan hadisə olduğunu bildirdi. Moskva Dövlət Şərq Muzeyi tərəfindən ilk dəfə belə bir sərginin Bakıya gətirildiyini vurğulayan Fərhad Xəlilov bu tədbirlərin xalqların bir-birinin mədəniyyətini yaxından tanımasında rolundan danışdı.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son günlər şəhərimizdə yapon mədəniyyəti ab-havasının yaşandığını dedi. Bir neçə gün öncə Milli İncəsənət Muzeyində Sankt-Peterburq muzeylərində saxlanılan yapon sənət nümunələrinin sərgisinin açıldığını xatırladan nazir müavini budəfəki sərginin də qədim və zəngin yapon mədəniyyətinin təqdimatı baxımdan böyük maraq doğurduğunu vurğuladı.

Moskva Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sevdloviç və sərginin əlaqələndiricisi Anna Puşakova təqdim olunan nümunələr haqqında məlumat verdilər. Qeyd olundu ki, Şərq Muzeyinin klassik yapon ukiyo-e qravürası kolleksiyasında XVIII əsrin sonu - XIX əsrin ortalarında Yaponiyanın gündəlik həyatını əks etdirən ümumilikdə iki mindən artıq əsər saxlanılır. XIX əsrin sonlarında Yaponiyada geniş yayılmış ağac üzərində qravüra sənətini Edo (Tokionun əvvəlki adı) şəhərinin ensiklopediyası da adlandırırlar. Qravüralar şəhər həyatını əks etdirirdi, sakinlər isə onlara zövq verən bu sənət növünü çox yüksək qiymətləndirirdilər.

Ağac üzərindəki qravüra texnikası Yaponiyada hələ eramızdan əvvəl VIII əsrdə məlum idi, lakin ksiloqrafik istehsalın çiçəklənmə dövrü XVIII-XIX əsrlərdə olub. Yapon qravüra vərəqələri Qərbə XIX əsrin ikinci yarısında gətirilməyə başlanıb. Hokusai, Hirosiqe kimi rəssamların əsərləri avropalılarda böyük təəssürat yaradıb və yapon incəsənətinə maraq oyadıb. Bu gün dünyada təxminən doqquz milyon yapon qravürası qalıb ki, onların da üçdə biri müxtəlif ölkələrin kolleksiyalarındadır.

Yapon qravüra janrının təmsilçilərindən Kiyomitsu, Kiyenaqa, Kunimasa, Syaraku, Masanobu, Hokusai, Toyoxaru, Utamaro, Hirosiqe, HokusaiEysinin əsərlərinin yer aldığı sərgi oktyabrın 22-dək davam edəcək.

 

L.Azəri

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 6.