Respublika Uşaq Kitabxanasında dəyirmi masa

 

Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Meksikanın paytaxtı Mexikoda keçirilən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) 34-cü konqresində təmsil olunub.

Sentyabrın 30-da kitabxanada bununla bağlı “İBBY-də ilk addımlarımız” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Qəşəm İsabəyli, “Şərq-Qərb” nəşriyyat evinin rəssamı Məziyə Tağıyeva iştirak ediblər. Kitabxananın direktoru Şəhla Qəmbərova konqres haqqında geniş məlumat verərək bildirib ki, Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür, təşkilatla sıx əlaqə saxlayır, keçirilən sərgilərdə iştirak edir.

Dəyirmi masa iştirakçıları dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət sərgi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 4.