Yerli mədəniyyət mərkəzləri və şəbəkələrinin dünya sammiti

 

24-28 sentyabr tarixlərində “Avropa mədəniyyət paytaxtı” adına namizəd şəhər olan Bolqarıstanın tarixi paytaxtı Veliko Tırnovoda "Yerli mədəniyyət mərkəzləri və şəbəkələrinin birinci dünya sammitikeçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli iştirak edib.

Mədəniyyət Mərkəzlərinin Beynəlxalq Şurası tərəfindən Avropa Mədəniyyət Mərkəzləri Şəbəkəsinin iştirakı ilə təşkil olunan sammitə 50-dək ölkənin nümayəndələri qatılıb. Tədbirdə "Beynəlxalq layihələr: qeyri-maddi mədəni irsmüasir incəsənətdə mədəni çeşidlilik", "Mütəhərriklik və mübadilə imkanları", "Mədəniyyət mərkəzlərində icma sənəti üzrə tədqiqatlar" və s. mövzularda müzakirələr aparılıb.

"Azərbaycanda mədəniyyət mərkəzlərinin yaradılması: təcrübə və innovasiyalar" mövzusunda təqdimat-mühazirə ilə çıxış edən Yaşar Hüseynli Mədəniyyət və Turizm Nazirliyinin strukturunda fəaliyyət göstərən mədəniyyət evlərinin və klubların bazasında şəhər (rayon) mədəniyyət mərkəzlərinin və mərkəzlərin filialları qismində şəhər (qəsəbə, kənd) yaradıcılıq (diyarşünaslıq), folklor və sənətkarlıq evlərinin, klubların yaradılmasını nəzərdə tutan islahatlardan danışıb. "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri", "Azərbaycan qeyri-maddi mədəni irs subyektlərinin Məlumat Bazası", "2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları" və digər proqram və layihələr barədə iştirakçılara məlumat verilib, Azərbaycanın mədəniyyəti, qeyri-maddi mədəni irsinə dair suallar cavablandırılıb.

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 3.