Beynəlxalq Humanitar Forumun iştirakçıları bölgələrə səfər ediblər

 

Oktyabrın 2-3-də keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar paytaxta gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxtda ekskursiyalar və bölgələrə səfərlər təşkil olunub.

 

Qonaqlar 2-6 oktyabr tarixində Bakı şəhərində və ətraf qəsəbələrdə yerləşən tarix-mədəniyyət abidələri ilə tanış olub, 4-5 oktyabrda isə Naxçıvan Muxtar Respublikasına, Qəbələ, Şəki, Quba, Qusar, Gəncə, Göygöl, Naftalan, Lənkəran, Lerik şəhər və rayonlarına səfər ediblər. Forumda iştirak edən sabiq prezidentlər, spikerlər, nazirlər, Nobel mükafatçıları və digər mötəbər şəxslərdən ibarət 210 nəfərlik heyətin iştirakı ilə gerçəkləşən ekskursiyalar hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş proqram üzrə aparılıb. Qonaqlar rayon icra hakimiyyətlərinin başçıları tərəfindən qarşılanıb. Turlar zamanı iştirakçılar bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti, həmçinin turizm potensialı ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin ekskursiyalar zamanı müvafiq dequstasiyalar, bölgələrə xas olan milli mətbəx nümunələrinin təqdimatı və milli musiqi və rəqslər nümayiş etdirilib.

Tur iştirakçıları səfərlərinin sonunda Azərbaycanın füsunkar təbiəti, regionlarda yaradılan müasir turizm infrastrukturu ilə tanışlıqdan məmnunluqlarını bildiriblər və yüksək təşkilatçılığa görə razılıq ediblər. Xarici ölkələrin təmsilçiləri turlar zamanı yerli media nümayəndələrinə verdikləri müsahibələrdə Azərbaycanın qonaqpərvərliyini və regionların turizm potensialının zənginliyini xüsusi vurğulayıblar.

Səfərin sonunda forum iştirakçılarına Azərbaycanın turizm potensialını əks etdirən müxtəlif dillərdə reklam-çap məhsulları təqdim edilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 9.