“Azərbaycanlı Yura

 

Milli Qəhrəman haqqında sənədli filmin təqdimatı keçirildi

 

Oktyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Nizami rayonundakı 229 saylı orta ümumtəhsil məktəbində Milli Qəhrəman Yuri Kovalyova həsr edilmiş "Azərbaycanlı Yura" sənədli filminin təqdimatı keçirildi. "Yaddaş" sənədli filmlər studiyasında istehsal olunan ekran əsəri Milli Qəhrəmanın adını daşıyan məktəbin kollektivinə təqdim edildi.

 

Mərasimdə çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirdi ki, "Salnamə" və "Yaddaş" studiyalarında dövlət sifarişi ilə ekranlaşdırılan Milli Qəhrəmanlar haqqında filmlər Bakı və Sumqayıtda, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar və Xaçmaz rayonlarında ictimaiyyətə təqdim edilib. "Azərbaycanlı Yura" filminin ilk nümayişi bu il iyunun 20-də döyüşçünün doğulduğu Göyçay rayonunda keçirilib. Ekran əsərinin rejissoru Asif Abramov, ssenari müəllifi Rəfiqə Məsuddur.

Məktəbin direktoru Fəridə Bağırova bildirdi ki, şəhidlər bizim fəxrimiz, iftixarımızdır. Onlar bizim yolumuzda öz canlarını qurban veriblər: “Şəhid olan bütün övladlar bizim qürur yerimizdir. Hər il məktəbimizin məzunları olan şəhidlər Yuri Kovalyov, Aydın ManerovEmin Baxşəliyevin anım və doğum günləri kollektivimiz tərəfindən qeyd edilir. Milli qəhrəmanlarımız haqqında sənədli filmləri biz mütəmadi olaraq kollektivə təqdim edirik. Sevindirici haldır ki, bu gün də qəhrəmanlarımız unudulmur, onların vətənpərvərlik hissləri filmlərə köçərək gələcək nəsillərə ötürülür”.

Direktor filmin qəhrəmanın təhsil aldığı məktəbdə təqdimatına görə kollektiv adından Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.

Filmin nümayişindən sonra çıxış edən Milli Qəhrəmanın anası Larisa Kovalyova və qızı Yulya Kovalyova da filmin yaradıcı heyətinə və görüşün təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, film Azərbaycan gəncləri üçün bir nümunədir və qəhrəmanlara həsr edilən belə ekran əsərlərinin məktəblərdə nümayişi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm addımdır.

Filmdə Yuri Kovalyovun uşaqlıq illəri, onun haqqında ailə və dostlarının xatirələri, Qarabağ döyüşlərində lentə alınmış video yazıları yer alıb. Qeyd edək ki, Yuri Kovalyov 1991-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə ona ölümündən sonra Milli Qəhrəman adı verilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 6.