Ölkəmiz Strasburqda həmrəylik sərgisində təmsil olunub

 

Strasburq Xarici Cəmiyyətlər Koordinasiyasının Alzas bölgəsində fəaliyyət göstərən müxtəlif qurumlar arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə təşkil etdiyi həmrəylik sərgisində Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti də iştirak edib. Şəhərin Sitadel parkında keçirilən sərgidə hər ölkəyə aid guşə yaradılıb. Azərbaycan guşəsində Heydər Əliyev Fondu tərəfindən ölkəmizin qədim tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə bağlı fransız və ingilis dillərində nəşr olunan kitablar, broşürlər, digər əyani vəsaitlər nümayiş olunub. Sərgidə Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransada keçirilən tədbirlər, ölkəmizin turizm imkanları, Bakının görməli yerləri ilə bağlı videoçarx da göstərilib. İştirakçılara və şəhərin qonaqlarına Azərbaycanla bağlı nəşrlər təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 10.