Novosibirsk Memarlıq-İncəsənət Akademiyasının rektoru ADMİU-da olub

 

Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru, professor Gennadi Pustovetov və akademiyanın prorektoru, kulturologiya doktoru Natalya Baqrova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub.

 

Universitetin rektoru, professor Fərəh Əliyeva qonaqlarla görüşərək, onlara təhsil ocağı haqqında məlumat verib. 90 illik tarixə, peşəkar mütəxəssislər yetişdirməkdə böyük təcrübəyə malik təhsil müəssisəsi ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.

Səmimi keçən görüşdə professor Gennadi Pustovetov rəhbərlik etdiyi akademiya haqqında söz açıb. Bildirib ki, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası 25 illik yubileyini qeyd etməyə hazırlaşır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlişinin əsas məqsədi təhsilin, tədrisin metodologiyası, müxtəlif fənlərin planları ilə yaxından tanış olmaq, fikir, təcrübə mübadiləsi aparmaqdır. O, gələcəkdə ADMİU ilə qurulacaq hər cür əməkdaşlığa şad olacağını bildirib.

Rektor Fərəh Əliyeva sonda qonaqlara Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlarını (Azərbaycan və ingilis dillərində) hədiyyə edib.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 6.