Səməd Vurğunun ev-muzeyində xatirə tədbiri

 

Oktyabrın 16-da Səməd Vurğunun ev-muzeyində böyük şairin qızı, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Aybəniz Vəkilovanın xatirə tədbiri və “Səməd Vurğun” mükafatının builki laureatlara təqdimatı oldu.

 

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edirdi.

Tədbiri muzeyin direktoru Aygün Vəkilova açaraq əvvəlcə Aybəniz xanımın tərcümeyi-halı haqda qısa məlumat verdi. Qeyd etdi ki, Aybəniz Vəkilova 1975-ci ilin oktyabrında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz, 2006-2009-cu illərdə muzeyin direktoru olub. İşlədiyi müddətdə SSRİ Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Şərəf nişanı” ordeninə layiq görülüb.

Aybəniz Vəkilovanın muzey işi sahəsində yorulmaz fəaliyyəti ümummilli lider Heydər Əliyev tərəfindən də qiymətləndirilib. 1997-ci ildə ulu öndər anadan olmasının 60 illiyi münasibətilə ona təbrik məktubu göndərib. 2002-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. 2003-cü ildən Prezident təqaüdçüsü olub. Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveçİspaniyada konfranslarda iştirak edib. Səməd Vurğunun yubileyləri münasibətilə 1966, 1976, 1986-cı illərdə nəşr olunan kitabların tərtibçisi, şairə həsr olunmuş bir sıra nəşrlərin, 1976-cı ildə çəkilmiş “Səməd Vurğun” sənədli filminin məsləhətçisi olub. 1994-cü ildə təsis etdiyi Səməd Vurğun Fonduna rəhbərlik edib. 2007-ci ildə türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülüb. Aybəniz Vəkilova 2009-cu il iyunun 13-də vəfat edib.

Tədbir iştirakçıları böyük şairin nəticəsi Vurğun Vəkilovun fortepianoda ifasını dinlədilər.

Sonra “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz Hüseynoğluya “Səməd Vurğun” mükafatı təqdim edildi. Onlar çıxış edərək mükafata görə minnətdarlıqlarını bildirdilər. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında yerindən söz açdı. Qeyd olundu ki, böyük şair poeziyamızda bir ədəbi məktəb yaradıb. Onun adı o dövrün demək olar ki, bütün ziyalılarının xatirələrində yaşayıb, bu gün də ölməz əsərləri ilə yaşayır.

Nazirliyin şöbə müdiri Fikrət Babayev Aybəniz Vəkilovanın mədəniyyət xadimi kimi muzey işi sahəsində yorulmaz fəaliyyətindən danışdı: “Bu, ev-muzeyində çox tədbirlər olub. O öz maraqlı çıxışları və söhbətləri ilə bizim yaddaşımızda dərin iz qoyub. Onun həm də çox maraqlı yumor hissi vardı. Allah ona rəhmət eləsin...”

Tədbirdə daha sonra şair Zaməddin Ziyadoğlu, Sevda İbrahimova və başqaları çıxış edərək Aybəniz Vəkilova ilə bağlı xatirələrini bölüşdülər.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 4.