Beynəlxalq Kulinariya Günü qeyd edildi

 

“Ölkəmizdə və xaricdə mətbəximiz layiqincə təqdim olunur

 

Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Xanədan" restoranında Beynəlxalq Kulinariya Günü münasibətilə hesabat xarakterli tədbir keçirdi. Tədbirdə məşhur azərbaycanlı kulinar Stalik Xankişiyev, ziyalılar, media nümayəndələri iştirak edirdi.

 

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov çıxış edərək 20 oktyabr - Beynəlxalq Kulinariya Gününün tarixindən danışdı, bu əlamətdar günün dünyada 11, ölkəmizdə isə artıq 8 ildir qeyd olunduğunu bildirdi. Milli Kulinariya Mərkəzinin fəaliyyəti barədə danışan T.Əmiraslanov qeyd etdi ki, son bir ildə yerlərdə milli mətbəx nümunələrinin öyrənilməsi üçün Şamaxı, Quba, İsmayıllı, Qəbələ və digər bölgələrə ekspedisiyalar təşkil olunub. Mərkəz tərəfindən üç kitab dərc edilib və təqdimatları keçirilib. Hazırda mərkəzin saytı üzərində gedir, sayt bu yaxınlarda ictimaiyyətə təqdim olunacaq: “Milli Kulinariya Mərkəzinin əməkdaşları ölkəmizdə və xaricdə Azərbaycan mətbəxini layiqincə təqdim edirlər. Bir il ərzində milli kulinariya komandamız 5 beynəlxalq yarışmada iştirak edib və ölkəmizə 12 qızıl, 7 gümüş medal, iki kubok, onlarla diplom gətirib. Paytaxtda keçirilən Novruz bayramında, Şəkidə beynəlxalq şirniyyat festivalında, Qəbələdə “Mürəbbə festivalı”nda, Lerikdə “Plov festivalı”nda kulinarlarımız yüksək peşəkarlıq nümayiş etdirib. Əməkdaşlarımız ölkəmizdə keçirilən “İpək yolunun dadı” adlı konfransda fəal iştirak ediblər”.

Qeyd olundu ki, builki Beynəlxalq Kulinariya Günü daha bir hadisə ilə əlamətdardır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatına üzv olmasının 20 illiyi tamam olur: “Bu iyirmi ildə mətbəximiz modernləşdirildi, restoranlara yeni yemək növləri gətirildi. Əgər 20 il öncə kulinarlar diqqətdən kənarda idilərsə, indi aşpazlara yüksək qiymət verilir”.

T.Əmiraslanov bildirdi ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən milli mədəni irs siyahısı hazırlanır. Bu siyahının yarısından çoxunu məhz kulinariya sahəsi təşkil edir. “Mədəniyyət haqqında” yeni qanunda ilk dəfə olaraq mətbəxə xüsusi yer verilib.

Sonra il ərzində fərqlənən kulinarlara, ayrı-ayrı qurumlaramedia nümayəndələrinə diplomlar təqdim edildi. Tədbirdə Stalik Xankişiyevin Azərbaycan milli mətbəxinə həsr olunmuş kitablarının təqdimatı da keçirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 10.