Monteneqro azərbaycanlı turistlər arasında çox populyardır

 

Bu ölkəyə çarter uçuşları intensivləşəcək

 

Azərbaycandan Monteneqroya artıq üç ildir yay turizm mövsümü müddətində çarter reysləri reallaşdırılır. Bu il çarter reysləri iyunun 26-dan sentyabrın 8-dək davam edib. İyulun 21-dən uçuşlar həftədə iki dəfə həyata keçirilib.

 

Bu barədə qəzetimizə məlumat verən Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev bildirdi ki, ümumilikdə yay mövsümündə Azərbaycandan Monteneqroya 18 reys həyata keçirilib 2500-ə yaxın Azərbaycan vətəndaşı bu ölkəyə səfər edib. Eyni zamanda 200 nəfər Monteneqro vətəndaşı da Azərbaycanda istirahət edib. Bu rəqəmlər ötən illə müqayisədə iki ölkə arasında turist mübadiləsinin artmasından xəbər verir.

Vüqar Əliyevin sözlərinə görə, Monteneqro hökuməti Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən turizm sahəsində əməkdaşlıqda çox maraqlıdır. Sentyabr ayında Monteneqronun baş naziri Milo Cukanoviçin Azərbaycana səfəri zamanı bununla bağlı müzakirələr aparılıb. Monteneqro tərəfi gələcəkdə Azərbaycana davamlı birbaşa uçuşların həyata keçirilməsi arzusunda olduğunu bildirib. Hazırda iki ölkə arasında müvafiq sazişin imzalanması gündəmdədir.

Həmsöhbətimiz bildirdi ki, Monteneqroda istirahətin əsas hissəsini dəniz turizmi təşkil edir. Eyni zamanda dağ xizək turizmi populyardır: «Azərbaycanlı turistlərin böyük əksəriyyəti Budva şəhərində yerləşən istirahət məkanlarını seçirlər. Bura dəniz kənarı olduğundan çoxsaylı çimərliklər var. Moteneqroda müalicəvi turizm o qədər populyar deyil. İqala müalicəvi mərkəzinə bəzən müraciət edənlər olur. Amma turistlər bu ölkədə əsasən tarixi məkanlara reallaşdırılan turlara, mədəni turizm marşrutlarına çimərlik turizminə maraq göstərirlər».

Monteneqro ilə Albaniya, Xorvatiya kimi qonşu ölkələr arasında vizasız rejim var Monteneqroya gedənlər bu ölkələrə səfər edə bilirlər. Orada istirahət edib qayıdan vətəndaşlarımız həm hotellərdəki xidmətlərdən, həm onlara göstərilən münasibətdən çox razılıq edirlər.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 7.