“Azərbaycan musiqisi ruhumu tərpədir”

 

Oktyabrın 19-da start verilən ənənəvi Bakı Caz Festivalı bu il də məşhur ifaçıları bir araya gətirib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi festival 12 gün ərzində caz pərəstişkarlarına unudulmaz anlar bəxş edəcək.

Festivalın açılış konsertində tamaşaçıları valeh edən amerikalı cazmen, pianoçu və bəstəkar Kreyq Teborn (Craig Taborn) təəssüratlarını bizimlə bölüşdü.

 

- Sizi Bakıda salamlayırıq. İfanız əsrarəngiz idi, cazın müasir musiqi janrları ilə sintezi xüsusilə hiss olunurdu. İstərdik ki, bir qədər karyeranızla bağlı məlumat verəsiniz.

- Xoş sözlərə görə təşəkkür edirəm. Sənət yolumla bağlı onu deyə bilərəm ki, piano, bəstəkarlıq və musiqi nəzəriyyəsi üzrə ali təhsil almışam. Peşəkar fəaliyyətə 1990-cı ildən başlamışam, gənc musiqiçilərlə, korifeylərlə, hətta texno artistləri ilə uğurlu işbirliyim olub. Ceyms Karter kvartetinin üzvü kimi 3 albomum işıq üzü görüb. İlk solo piano albomumAvenging angel” (“Qisas alan mələklər”) 2011-ci ildə dinləyicilərə təqdim olunub. Musiqinin bütün janrları ilə maraqlanıram və cazla sintezini yaratmağa çalışıram. Bu, cazsevərlərin, xüsusilə də gənclərin marağına səbəb olur.

- Bakı Caz Festivalı və şəhərimizlə bağlı təəssüratlarınız necədir?

- Ötən festivallarda çıxış edən bir çox musiqiçi dostlarım olub. Onların paytaxtınızla, musiqinizlə, xüsusilə muğamınızla bağlı zəngin təəssüratları var idi. Mənim bu festivala qatılmağımda onların fikirlərinin də rolu olub. Ancaq təəssüf edirəm ki, Bakıya sadəcə ikigünlüyə gəlmişəm. Şəhərinizin ab-havası, festivalla bağlı təəssüratlarım olduqca müsbətdir.

- Azərbaycan caz musiqisi ilə tanışsınızmı?

- Təəssüf ki, sizin musiqi ilə dərin tanışlığım yoxdur. Ancaq qulaq asdığım ifalar var ki, ruhumu tərpədib. Əzizə Mustafazadənin ifalarını eşitmişəm, ancaq bilmirdim ki, o, azərbaycanlıdır. Sizə söz verirəm ki, ölkəmə qayıtdıqdan sonra mütləq Azərbaycan cazı ilə maraqlanacağam.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 4.