“Laçın tərpənişli,
tovuz cilvəli...”
Göyçə
mahalının saz-söz mühitindən
qor götürüb
Gədəbəy aşıq mühitinə pənah gətirən
aşıq Oruc bu sənətdə
öz dəst-xəttini nümayiş
etdirib. Saz
ifaçılığında uğur
qazandığı kimi, aşıq
şeirində də ideya-bədii cəhətdən kamil nümunələr qələmə
alıb.
Aşıq Oruc Vəli oğlu 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri saz-söz ustadlarından aşıq Talıb, aşıq Əsəd, aşıq Müseyib və aşıq İbrahimin apardığı el şənliklərində keçib. Ancaq ruzigarın üzü dönür, mənfur ermənilərin təzyiqləri nəticəsində öz doğma ata-baba yurdlarından didərgin düşürlər. Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşırlar.
Aşıq sənətinin inkişaf etdiyi bu bölgədə Oruca hörmətlə yanaşılır. Çox keçmir, el arasında tanınır, hörmət qazanır, ustad aşıq kimi qəbul olunur. Şənliklərə qatılır, sayılıb-seçilir və rəsmi tədbirlərə dəvətlər alır. Qarabağın, Gəncəbasarın, Borçalı ellərinin toy şənliklərinin yarı-yaraşığına çevrilir.
Sənətdə püxtələşdikcə şeriyyəti də üzə çıxır. Yaradıcı sənətkar kimi sənət yoldaşlarına böyük hörmət və qayğı ilə yanaşır. Bu təvazökarlıq ona başucalığı gətirir. Bir gəraylısında belə deyir:
Öz eybini bilməzlərə
Qohum-qardaş, el neyləsin?!
Zatı xain olan kəsə
Düzgün ürək, dil neyləsin?!
Aşıq Oruc, de sözünü,
Tərifləmə gəl özünü.
Bil, çevirsə el üzünü,
Yüz köməkçi əl neyləsin?!
1953-cü ildə aşıq Oruc Gədəbəy bölgəsində ilk dəfə aşıqlar ansamblı yaradır. Gədəbəy aşıqlarının ağsaqqalı İsfəndiyar Rüstəmov, aşıq Sədaqət, aşıq Zahid, aşıq Fəzail, aşıq Şahsuvar, aşıq Yusif, aşıq Sayad və başqaları bu musiqi kollektivinin ilk üzvləri olublar.
Professor Qara Namazov “Aşıqlar” kitabında aşıq Orucdan bəhs edərək yazır: “O, 1939-cu ildən aşıqlıq sənətini özünə əbədi peşə seçir. Göycə aşıq məktəbinin çətin imtahanlarından keçir. Çox tez bir zamanda aşıq-şair kimi tanınıb. Respublika aşıqlar qurultayına nümayəndə seçilib. Daha sonra xalq yaradıcılığı evinin fəxri nişanı ilə təltif olunub”.
Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı sənətkarın həyat və yaradıcılığı haqqında “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Ustad” sərlövhəli məqaləsində yazır: “Aşıq Oruc 1953-cü ildə Gədəbəy rayonunda aşıqlar ansamblı yaradır. İyirmi ilə yaxın bu kollektivə rəhbərlik edib. Bu ansamblın yetirmələri bu gün də el məclislərinin sevimlisidir. El sənətinin inkişafında xidmətlərinə görə aşıq Oruc Azərbaycan Mədəniyyət Nazirliyinin fəxri fərmanına və bir neçə dəfə pul mükafatına layiq görülüb”.
Aşıq Oruc xalq şeirinin bir çox janrlarında - gəraylı, qoşma, təcnis, divani və müxəmməslər yazıb. Sənətkar aşıqlıq sənətində daha çətin və çox az-az hallarda ifa olunan “Koroğlu”, “Mixəyi”, “Güllü qafiyə”, “Göycə gözəlləməsi”, “Mirzəcanı” və s. aşıq havalarını ustalıqla ifa edib. O, ümumilikdə 70-ə qədər saz havasını çalıb-oxuyub. Bir təcnisində deyir:
O hilal qaşını görəndə gözüm,
Müştaq oldum onun yar
sinəsinə.
Laçın tərpənişli, tovuz cilvəli,
Qaldım qulluğunda, yar, sinə-sinə.
Hazırda Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda sənətkarın on bir aşıq havası qorunub saxlanılır. Onu da deyək ki, “Qurbani” dastanı
1954-cü ildə aşıq
Orucun ifasında da qələmə alınıb. Professor Məhərrəm Qasımlı
bu dastanın əhəmiyyətindən bəhs
edərkən bütün
başqa variantlara nisbətən, bu variantın daha dolğun və əhatəli olduğunu bildirir.
Aşıq Oruc el şənliklərində
daha çox aşıq Miskin Vəli, aşıq Məhəmmədəli ilə
birgə çıxış
edib. Onun yetirmələri
az olsa
da, əsas şəyirdləri aşıq
Şahsuvar və aşıq Nurəddin olub.
Aşıq Oruc 1976-cı il iyul ayının
19-da yaradıcılığının coşqun çağında
dünyasını dəyişib,
Gədəbəyin Zəhmət
kəndində dəfn
olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 15.