Milli oyunmeydan tamaşaları

 

Zaqatalada baxış-müsabiqə keçirilib

 

Xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyunmeydan tamaşaları milli-mənəvi dəyərlərimizə, soykökümüzə bağlılığımızı təcəssüm etdirir. Bu oyunların mayasında yüksək əhval-ruhiyyə, fiziki hərəkət, ruhi saflıq, zehni güc, sağlamlıq dayanır. Təəssüf ki, dildən-dilə, eldən-elə zaman aşırımından keçən xalq oyunlarının bəziləri artıq unudulur, uşaq və gənclər belə oyunlara çox az maraq göstərirlər.

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi “Azərbaycanın xalq milli oyunmeydan tamaşaları” mövzusunda baxış-müsabiqə də bu zəngin irsimizin təbliği məqsədi daşıyır. Heydər Əliyevin adına mədəniyyət və istirahət parkında keçirilən baxış-müsabiqədə rayonun şəhər və kənd mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivləri iştirak ediblər.

Kollektivlərin təqdim etdikləri xalq milli oyunmeydan tamaşaları parka toplaşan tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Müsabiqədə Yuxarı Tala, Maqov, Göyəm, Qımır, Sumaylı, Gözbarax, Dombabinə, Dardoqqaz və digər kənd klub və mədəniyyət evlərinin kollektivləri xüsusi fəallıq göstəriblər. Belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 9.