Rəssam Elçin Muradovun yubiley sərgisi

 

Oktyabrın 21-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tanınmış rəssam Elçin Muradovun 55 illik yubileyi ilə bağlı fərdi sərgisi açılıb.

 

Açılışda çıxış edən Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi İlham Manafov Elçin Muradovun yaradıcılığından danışıb, rəssamı yubileyi münasibətilə təbrik edərək, ona yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Rəssamlar İttifaqının üzvü olan Elçin Muradov respublikamızda, eləcə də xaricdə keçirilən sərgilərdə iştirak edir, əsərləri müxtəlif ölkələrdə kolleksiyalarda saxlanılır. Bu ilin iyulunda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssamın fərdi sərgisi keçirilmişdi.

Yaradıcılığında əsas etibarı ilə portret mənzərə, natürmortbaşqa janrlara üstünlük verən rəssam əsərlərində seyrçiyə incə duyğular bəxş etməyə çalışır. Onun əsərlərinə tamaşa edən yorulmur, əsərdə gördüklərini göz yaddaşına, mənəvi dəyərini isə qəlbinə köçürə bilir. Müəllifin fırçasından çıxan “Novruz bayramına hazırlıq”, “Zəvvarlar ziyarətdən qayıdırlar” tabloları, akademik Mirəsədulla Mirqasımov, Xalq şairi Nəbi Xəzri, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin portretləri, gül natürmortları böyük ustalıqla işlənmiş sənət əsərləridir.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 9.