Azərbaycan Konqreslər Bürosu üzvlərinin sırası genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını üzvlüyə qəbul edib.

Büronun yeni üzvü olan "Caspian Event Organisers" şirkəti müxtəlif tədbirlərin təşkili üçün planlaşdırma və idarəetmə, qiymət təklifi dəstəyi, qeydiyyat, yerli idarəetmə və təhlükəsizlik, dövlət orqanları ilə əlaqələndirmə, ictimai əlaqələrin qurulmasına dəstək və yerləşdirmə də daxil olmaqla geniş xidmət çeşidi təklif edir. Görüş, iclas, konfrans və qurultayların təşkil olunması istiqamətində 15 ildən çox uğurlu təcrübəsi olan şirkət bütün dünyada dövlət orqanları, beynəlxalq təşkilat və korporasiyaların etimadını qazanıb.

Hazırda 1000-dən çox peşəkar işçi heyəti ilə 27 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupunun Azərbaycanda tərəfdaşı olan "Caspian Event Organisers" biznes sahəsində mühüm və aparıcı mövqe tutan mərasimlərin təşkili, təşviqi və satışı ilə məşğuldur.

Şirkətin icraçı direktoru Bəhruz Hidayətzadə bu əməkdaşlığın hər iki tərəf üçün yaratdığı imkanlardan danışıb. Onun sözlərinə görə, turizm infrastrukturunun inkişafı və Bakının beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üçün getdikcə daha cəlbedici məkana çevrilməsi Azərbaycan Konqreslər Bürosunun şəhərimizin turizm bazarı iştirakçılarına verdiyi üstünlük və imkanların dünya MİCE bazarında təbliğində mühüm rolunu artırır.

Qeyd edək ki, hazırda Azərbaycan Konqreslər Bürosunun 16 üzvü var.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 4.