Meksika Senatında Qarabağ sərgisi

 

Meksika Senatında həmyerlimiz, ABŞ-da yaşayan azərbaycanlı rəssam və memar Yavər Rzayevin əsərlərindən ibarət “Qarabağ mənim xatirimdə” (“Karabakh on my mind”) adlı sərgi açılıb.

 

Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib ki, tədbir Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronun təşkilatçılığı ilə keçirilib.

Mərasimdə çıxış edən senator sərgini dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyin nümayişi və xalqlarımız arasında mədəni körpü kimi qiymətləndirib. Yavər Rzayevi tanınmış memar və rəssam kimi xarakterizə edən natiq, onun əsərlərinə dünyanın müxtəlif rəsm festivallarında rast gəlindiyini, sənətkarın bu sərgi ilə ölkəsini Meksikaya bir daha yaxınlaşdırdığını diqqətə çatdırıb.

Sərginin açılmasını iki ölkə arasında mədəni əlaqələrin daha da yaxınlaşmasına xidmət etdiyini söyləyən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bunu qarşılıqlı əməkdaşlığın inkişaf göstəricisi kimi dəyərləndirib. Qarabağın təkcə təbii deyil, həm də böyük mədəni zənginliyə malik olduğunu qeyd edən səfir bölgənin məşhur muğam və xalçaçılıq sənəti, şair, yazıçı, rəssam və bəstəkarlar diyarı olduğunu vurğulayıb.

Senatın vitse-prezidenti Xose Rosas Arispuro tədbirdə iştirakından məmnunluğunu ifadə edərək sərgini zəngin tarixi və mədəniyyəti olan xalqlarımız arasında mədəni mübadilə və əməkdaşlığa töhfə nümunəsi kimi qiymətləndirib.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Oktyabrın 31-dək davam edəcək sərgidə Qarabağın tarixi və təbii landşaftını əks etdirən 11 rəsm nümayiş olunur.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 3.