Kaliforniya qubernatorundan Azərbaycana təşəkkür

 

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara QarayevinYeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilib.

Baletin uğurla səhnələşdirilməsi ilə əlaqədar ştatın qubernatoru Edmund Cerri Braun tərəfindən təbrik bəyanatı verilib. Qubernator baletin uğurlu nümayişinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini, Los-Ancelesdəki baş konsulluğunu təbrik edir, belə bir əsərin Kaliforniya sakinləri qarşısında nümayiş etdirilməsinə görə təşəkkürünü bildirir.

Bəyanatda həmçinin “Yeddi gözəl” haqqında qısa məlumat verilir, 1952-ci ildə bəstəkar Qara Qarayevin Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında yazdığı baletdə etnik müxtəlifliyin, fərqli mədəniyyətlərin gözəlliyinin və qadın müdrikliyinin tərənnüm edildiyi vurğulanır.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 3.