Bakı Caz Festivalı davam edir

 

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 19-da start götürən ənənəvi Bakı Caz Festivalı maraqlı konsert proqramları ilə davam edir.

 

Oktyabr 22-də Heydər Əliyev Sarayında keçirilən növbəti konsert də tamaşaçıların gur alqışları ilə qarşılandı. Bu da səbəbsiz deyildi. Caz musiqisi həvəskarları dünyaca məşhur Terens Blanşardın səhnəyə çıxmasını səbirsizliklə gözləyirdilər. Əvvəlcə konsertin aparıcısı Rahib Azəri çıxış edərək qonaq haqqında məlumat verdi. Ənənəvi olaraq bu ilfestivala tanınmış cazmenlərin qatıldığını vurğulayaraq Terens Blanşardın konsertininfestival çərçivəsində növbəti unudulmaz hadisə olduğunu vurğuladı.

Qeyd olundu ki, Terens Blanşard 40 ildən artıqdır caz sənətində yaradıcılığını davam etdirir. Tanınmış truba ifaçısı dəfələrlə ilin artisti adına layiq görülüb, albomları ən çox satış rekordu vuran albomlar sırasına daxil olub. Bundan əlavə, Terens BlanşardQremmi” mükafatına layiq görülərək həm solo ifaçı, həm də bəstəkar kimi dünya şöhrəti qazanıb. O, 30-dan artıq filmə musiqi bəstələyib. Terens Blanşard kvinteti 1980-ci illərin sonunda yaradılıb və bu günə qədər uğurla fəaliyyətini davam etdirir.

Təqdimatdan sonra Terens Blanşardın kvintetiXalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə konserti təqdim edildi. Proqrama müxtəlif caz kompozisiyaları daxil edilmişdi. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Oktyabrın 23-də Bakı Caz Festivalı çərçivəsində daha iki konsert keçirilib. Beynəlxalq Muğam Mərkəzində əvvəlcə Anat Cohenin kvarteti (İsrail), sonra isə Etibar Əsədli (fortepiano) və qrupu səhnəyə çıxıb. Hər iki konsert izləyicilərə xoş əhval və zəngin təəssürat bəxş edib.

Bakı Caz Festivalının konsert proqramları oktyabrın 30-dək davam edəcək.

 

L.Azəri

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 2.