Kurortlar və abidələr ölkəsi

 

İl ərzində Çexiyaya 7 milyon turist səfər edir

 

Ah... Avropa, Avropa...” Görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında çəkilmiş «Papaq» filmində azərbaycanlı bəyzadələrin nostalji hisslərlə dediyi bu sözlər hər birimizə tanışdır. Avropa təhsili alan bu gənclər köhnə qitənin gözəlliyinin təsirindən uzun müddət çıxa bilmirlər...

 

Azərbaycanın bir qrup media nümayəndəsinin oktyabrın 20-dən 25-dək Çexiyaya səfəri zamanı yaranan təəssüratlar da məhz bu baxımdan fərqlənmədi desək, yanılmarıq. «SİS Tour» və «Chex Tour» şirkətlərinin təşkilatçılığı, Çexiyanın Azərbaycandakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfərin proqramı da maraqlı və zəngin idi...

 

Dünya turistlərinin sevdiyi məkan

 

Şərqi Avropanın səfalı və füsunkar təbiəti, tarixi tikililəri və abidələri ilə məşhur olan bu ölkəsi dünya turistləri arasında ən populyar məkanlardan biridir. Ərazisi cəmi 78,8 min kvadrat kilometr, əhalisi 10,5 milyon nəfər olan Çexiyaya ildə 7 milyona yaxın turist gəlir. Ölkənin ümumi daxili məhsulunun təxminən 6 faizini turizm sektoru təşkil edir.

Çexiya kurortları artıq bütün dünyada populyarlıq qazanıb. Səfərimizin proqramına uyğun olaraq ilk baş çəkdiyimiz məkan da bu ölkənin məşhur kurort mərkəzi - Karlovı Varı oldu.

Bizi müşayiət edən bələdçimiz Olqa Çernyuk məlumat verir ki, 55 minə yaxın əhalisi olan Karlovı Varının əsası 1350-ci ildə Çexiya şahzadəsi IV Karl tərəfindən qoyulub. Hər il buraya dünyanın 70 ölkəsindən 3 milyona yaxın turist gəlir. Karlovı Varıda çoxlu sayda qeyri-adi mineral su mənbələri mövcuddur. Şəhərin ən böyük və ən məşhur tikilisi «Mill Kolonada»dır. Bulaqların əksəriyyəti məhz burada yerləşir.

Ümumilikdə Karlovı Varıda 80 mineral su mənbəyi var ki, onların 12-dən geniş istifadə olunur. Bu mənbələr bir-birindən temperaturu (30°-dən 72°-dək), karbon qazının tərkibi və təsiri ilə seçilir. Sular təbii ion qatışığı olmaqla orqanizmi cavanlaşdırır və ona yeni qüvvə verir. Bir dəqiqədə yer səthinə 70 dərəcəyə yaxın temperaturu olan 2000 litr su çıxır. Ən çox tanınan mənbə 2000 metrə yaxın dərinlikdən çıxan və dəqiqədə 1500 litrə yaxın həcmdə suyu olanGeyzerdir.

Yerdən çıxdıqdan cəmi 3 saat sonra sular öz müalicəvi xüsusiyyətini itirir. Bu səbəbdən də Karlovı Varının əsas küçəsində hər kəsin əlində xüsusi formada fincan görmək mümkündür. Suyu elə içmək lazımdır ki, dişlərə dəyməsin, çünki mədə-bağırsaq sistemi xəstəliklərinin təbii müalicəsi funksiyasını daşıyan bu mineral sular insanın dişləri üçün inanılmaz dərəcədə ziyanlıdır.

Karlovı Varı sakitliyi və rahatlığı dəyərləndirməyi bacaran insanların yeridir. Burada turistlərin baş çəkə biləcəyi məkanlar tarixi «Diana» qülləsi, «IV Karl qalası», «Müqəddəs Mariya Maqdalena» məbədi və «Yapon bağı»dır.

600 illik tarixə malik Karlovı Varı həm də kinofestivalı ilə məşhurdur. Hər il reallaşan festival əsasən iyulun əvvəlində keçirilir. Builki festivalda məşhur Hollivud ulduzu Mel Gibson da iştirak edib.

Bundan başqa, turistlərin burada tennis, boulinq, bilyard, qolf oynamaq, at minmək imkanları da var. Hər axşam şəhər filarmoniyasında təşkil edilən canlı konsertlər isə musiqi həvəskarları üçün əsl sürprizdir.

Hazırda Karlovı Varıda binaların geniş miqyasda təmiri restavrasiyası prosesi gedir. Çünki Çexiya hökuməti şəhərin UNESCO-nun siyahısına salınması üçün quruma müraciət etməyə hazırlaşır.

 

Karlovı Varı büllur qabları likörü ilə tanınır

 

Karlovı Varı mağazalarının çoxunda çex istehsalı olan büllur farfor qab-qacaq satılır. Növbəti baş çəkdiyimiz məkan bu qabların istehsal olunduğu «Moser» kristal zavodu oldu. 1857-ci ildə Lüdviq Moser tərəfindən əsası qoyulan zavodun məhsulları kral saraylarını bəzəyib.

Zavodun satış meneceri Veronika Zvanorova bizə məlumat verir ki, Çexiyanın ən məşhur istehsal müəssisələrindən biri olan «Moser»də hazırda 320 nəfər işçi çalışır. Zavodun girişində burada istehsal olunan bir-birindən gözəl büllur farfor qablardan ibarət muzey yaradılıb. Burada eyni zamanda həmin qabların satışı da təşkil olunub. Ölkə daxilində müxtəlif regionlarda, xüsusilə turizm mərkəzlərində satış mərkəzləri olan zavodun Berlin, Paris, Vyana, Madrid, Nyu-York s. şəhərlərdə ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Veronika Zvanorova deyir ki, 50 faiz məhsulları Çexiyada satılsa da, bunun çox hissəsinin alıcıları turistlər olduğundan, demək olar ki, «Moser» markalı qabların 90 faiz alıcısı əcnəbilərdir.

Zavodda istehsal prosesi ilə yaxından tanış oluruq. Potaş, kalsium, soda qumun qarışığından ibarət büllur qabların hazır olana qədər hansı mərhələlərdən keçməsini görmək çox maraqlı idi. 1259 dərəcə selsidə əridilən qarışıq qəliblərə tökülür. Sonra müxtəlif formalı qablar soyuducularda soyudulur. Həmin qablar satışa çıxarılana qədər bir neçə mərhələdən keçir. Bu mərhələlərdə qarışığın 60 faizi tullantı olur. Amma bu tullantılar təkrar istehsala yönəldilir.

Zavodun məhsulları arasında qadın bəzək əşyaları da üstünlük təşkil edir. Bunlar həm qiymətli daş-qaş kimi, həm suvenir formasında istehsal edilir.

Karlovı Varı «Dirilik suyu» adı ilə məşhur «Bexerovka» likörü ilə tanınır. Bu, müalicəvi otlardan hazırlanan tinkturadır. Tərkibi spirt, mineral su, 20-yə yaxın ot şəkərdən ibarət olan, hazırlanma texnikası sirr saxlanılan likördən mədə xəstəliklərinin müalicəsində istifadə edilir.

Səfər çərçivəsində zavodun yaxınlığında yerləşən eyniadlı muzeyə baş çəkirik. Burada «Bexerovka» adı altında istehsal olunan bir neçə tərkibdə içkinin dequstasiyası keçirilir. Müəssisə rəhbərliyi üçün hər bir turistin fikri maraqlıdır.

2006-cı ildə 200 illiyi qeyd olunan likör vəba əleyhinə dərman vasitəsi kimi yaradılıb. Bu xəstəlik Napoleon müharibələri dövründə Avropada çox geniş yayılmışdı. Karlovı Varıda hazırlanmış möcüzəli iksirə böyük tələbat vardı. Onu Avstriya Fransa imperatorlarının təbəələri alırdılar. Likör ən çox Prussiyaya Almaniya krallıqlarına göndərilirdi.

«Bexerovka» əvvəlcə 50, 100 200 milliqramlıq şüşə qablara doldururdular. Lakin tələbat sürətlə artdığı üçün artıq XIX əsrin 20-ci illərində onu ancaq yarımlitrlik butulkalarda satmağa başladılar.

Hazırda likör dünyanın 35 ölkəsinə göndərilir. «Yan Bexer - Karlovarskya Bexerovka» zavodu hər il 9 milyon litr likör istehsal edir. Yaxın illərdə həmin göstəricinin artırılacağı gözlənilir. Acıtəhər - tünd likör 20 qramlıq kiçik qablarda içilir. Çexlər deyirlər ki, 1 2-ci stəkan sağlığa, 3-cü əhval-ruhiyyəyə, 4-cü isə uğura içirlər.

 

Marianskie Laznedə əsasən çexiyalılar dincəlir

 

Çexiyanın maraqlı ikinci böyük kurort şəhərləri Marianskie Laznedir. Karlovı Varının 48 kilometrliyində yerləşən bu turizm mərkəzinə adətən şəhərcik deyirlər. Cəmi 14 min əhalisi var, şəhərdə 4 orta məktəb, 6 uşaq bağçası, 4 gimnaziya fəaliyyət göstərir. 100 mineral su mənbəyi olsa da, hazırda onun 40-ı aktivdir. Burada ilk müalicəvi su 1528-ci ildə aşkarlanıb. Sular yerin altından soyuq halda çıxır. Onlardan qaraciyər, sidik yolları, əsəb müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur.

Karlovı Varıdan fərqli olaraq Marianskie Laznedə əsasən Çexiya vətəndaşları dincəlir. Burada 5 ulduzlu hotellərlə yanaşı, 4, 3 ulduzlu hotellər çoxdur.

Şəhərdə tarixi XIX əsrin əvvəllərinə təsadüf edən çoxlu binalar var. 1818-ci ildə ilk dəfə olaraq bura kurort şəhəri kimi tanınmağa başlanıb. Şəhərin mərkəzində musiqili fontan var. Hər saatın əvvəlində fontan qalxır musiqi səslənir.

* * *

Nəhayət, səfərimizin 3-cü günü Çexiyanın məşhur kurortları ilə tanışlığımızı başa çatdırıb Avropanın qədim şəhərlərindən biri olan Praqaya yola düşürük...

 

(ardı var)

 

Fəxriyyə Abdullayeva,

Bakı-Praqa-Bakı

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 10.