2800 yaşlı şəhər

 

Salyanda qədim yaşayış məskəni olan Muğan Babazanlı abidələrinin 2800 illiyi qeyd edildi

 

Oktyabrın 24-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar Salyan şəhərində bayram tədbirləri keçirildi.

 

“Şəhər günü” formatında təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, millət vəkilləri, ölkəmizdə akkreditə olunmuş xarici diplomatlar, respublikanın regionlarından qonaqlaryerli sakinlər iştirak edirdi.

 

Bu bayramının səbəbkarı tarixi irsimizdir

 

Açılış mərasimi Salyan şəhərindəki Bayraq meydanında Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Tədbiri Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq ölkəmizin hər yerində olduğu kimi, Salyanda da tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirildiyini, tarixi-mədəni irsimizə diqqət göstərildiyini vurğuladı. Bildirdi ki, Salyan rayonu son illər inkişaf edərək öz simasını xeyli dəyişib, eyni zamanda bu bölgənin zəngin tarixi irsi var: “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Salyan şəhərində Muğan Babazanlı abidələrinin 2800 illiyini qeyd edirik. Bu bizim üçün böyük şərəfdir. Bunu təkcə Salyanın deyil, bütövlükdə ölkəmizin tarixinə diqqət kimi dəyərləndirmək olar”.

Daha sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə başçısının 29 oktyabr 2013-cü il tarixdə Salyan rayonu ərazisindəki qədim yaşayış yeri olan Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırdı. Qədim və zəngin keçmişimizə, tarixi və mədəniyyət abidələrimizə, bütövlükdə milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söz açan Vaqif Əliyev əlamətdar yubiley münasibətilə Salyan torpağının bir bayram libası geyindiyini vurğuladı:Bu bayramın səbəbkarı da burada arxeoloji qazıntılar nəticəsində tapılmış tarixi irsdir. Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəticəsində Muğan Babazanlı abidələrinin 2800 il yaşı olduğu təsdiqləndi. Bu gün Azərbaycanda arxeoloji tədqiqatlara, tarixi şəhərlərin aşkarlanmasına çox böyük diqqət yetirildiyinin bir daha şahidi oluruq. 2800 il yaşı olan qədim Salyan şəhəri tariximizə və mədəniyyətimizə Əli bəy Hüseynzadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk kimi bir çox şəxsiyyətləri bəxş edib”.

Vaqif Əliyev qeyd etdi ki, son illər ölkəmizin müxtəlif yerlərində, həmçinin Tovuz, Ağsu, Qəbələ, Şamaxı və Şabranda qədim şəhər qalıqları aşkar edilərək tədqiq olunur. Qədim yaşayış yerlərində tarix, mədəniyyət qoruqları yaradılır. Bu da onu bir daha göstərir ki, dövlət səviyyəsində tariximizə və milli mədəniyyətimizə nə dərəcədə diqqət yetirilir.

 

Tarixdən bu günə rəngarəng keçid

 

Yubiley tədbirləri şəhərin mərkəzi meydanında davam etdi. Bayramsayağı bəzədilən, qala divarları ilə əhatə olunan meydanda rayonun qədim tarixi, maddi-mədəniyyət abidələrini, məişət və təsərrüfat həyatını, milli mətbəx nümunələrini, eləcə də bugünkü iqtisadi inkişafını əks etdirən müxtəlif sərgi və ekspozisiyalar nümayiş olunurdu. Qonaqlar sərgi ilə tanış olaraq, Salyan mətbəxinə məxsus olan taamlardan daddılar.

Meydandakı bayram şənlikləri “Cəngi” rəqs ansamblının və musiqi kollektivlərinin çıxışları ilə başladı. Təbilçilərin müşayiəti ilə bayram yürüşü davam etdi. Tariximizi yada salan süvarilərin, cəngavərlərin ardınca əsgərlər, məktəblilər, bağça uşaqları tədbir iştirakçılarının qarşısından keçid etdilər. İdmançıların, velosipedçilərin, pəhləvanların nümunəvi çıxışları, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin keçidi mərasim iştirakçılarının alqışları ilə qarşılandı. Milli geyimli rəqqasələrin, səhəngli qızların, Salyanda toy-düyün adətlərini əks etdirən toy karvanının keçidi tədbirə xüsusi rəng qatdı. Bölgələrdən gələn musiqi və rəqs kollektivlərinin ifaları tədbirin möhtəşəmliyini daha da artırdı.

Tədbir çərçivəsində yeni ailə quran cütlüyün təntənəli nikah mərasimi də keçirildi.

Qonaqlara Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə bağlı xatirə hədiyyələri təqdim olunduqdan sonra tədbir Salyan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda davam etdi.

Yubiley tədbirləri “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Salyan Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi konsert proqramı ilə davam etdi. Tanınmış incəsənət ustalarının çıxışları və rəngarəng konsert proqramı rayon sakinləri və qonaqlar tərəfindən alqışlarla qarşılandı.

 

Qədim abidələr yurdu

 

Qeyd edək ki, Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisi Azərbaycanın zəngin və böyük tarixi keçmişə malik olduğunu bir daha təsdiqləyir. Aparılan qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması ulu əcdadlarımızın ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını sübut edir.

Salyan rayonu ərazisində günümüzə qədər gəlib çıxan ölkə əhəmiyyətli 7 arxeoloji, 11 yerli əhəmiyyətli abidə mövcuddur. Bu maddi-mədəniyyət nümunələri tarixi keçmişimizə işıq salmaqla ərazinin qədimliyindən, ulu babalarımızın hansı şəraitdə yaşamasından xəbər verən qiymətli tapıntılardır. Rayonda Babazanlı yaşayış yeri (e.ə. I minillik), Marışlı nekropolu (e.ə II minillik), Kürsəngi küp qəbirləri nekropolu (e.ə. II -e. III əsrlər), Mahmudabad yaşayış yeri, Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər), Noxudlu yaşayış yeri (e.ə II minillik), Marışlı yaşayış yeri (XI-XV əsrlər) kimi ölkə əhəmiyyətli tarixi məkanlar var.

Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi ölkəmizin qədim bölgələrindən biri olan Salyan şəhərinin tarixinin təbliğinə, burada aparılan arxeoloji tədqiqatların nəticələrinin təşviqinə imkan yaradır.

Bu gün qədim tarixə malik Salyan yeni inkişaf dövrünü yaşayır. Salyanın daha da inkişaf edərək, böyük şəhərə çevrilməsini görmək arzusu ilə

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 8.