Daşkənddə dostluq konserti

 

Professor Fərhad Bədəlbəyli Özbəkistan Milli Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib

 

SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Özbəkistan Dövlət Konservatoriyasında geniş konsert proqramı ilə çıxış edib.

 

Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan konsert iki ölkənin müstəqilliyinin 23-cü ildönümünə həsr olunub.

Konserti Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edib.

Konsertdən öncə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafından danışıb. Özbəkistanın Xalq artisti Zaxir Xaknazarov isə çıxışında ölkəsində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinə sevgidən söz açıb, belə tədbirlərin təşkilinə görə səfirliyə minnətdarlığını çatdırıb.

Sonra orkestr Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano üçün konsert”, Soltan Hacıbəyovun “Karvansimfonik lövhəsi, Qara QarayevinYeddi gözəl” baletindən süitaNurulla Zakirovunİstadimvokal-simfonik poemasından fraqmentləri ifa edib. Sonda Fərhad Bədəlbəyli Tofiq Quliyevin “Qaytağı” əsərini səsləndirib. Konsert alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 3.