Bakıda caz bayramı başa çatır

 

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 19-da start götürən ənənəvi Bakı caz festivalı yekunlaşmaq üzrədir. Festival günlərində caz musiqisi həvəskarlarına zəngin təəssürat yaşadan konsertlər təqdim olunub.

 

Oktyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hindistanlı cazmen Trilok Gurtuqrupu konsert proqramı ilə çıxış etdi. Konsertdən əvvəl çıxış edən aparıcı Rahib Azəri kollektiv barədə tamaşaçılara məlumat verdi. Bildirildi ki, ötən əsrin 80-ci illərində zərb alətləri ifaçısı, bəstəkar Trilok Gurtunun rəhbərliyi ilə yaranan trio bu günə kimi öz fəaliyyətini davam etdirir. Qrupun ifasında incə Hindistan ritmləri, müasir cazrok elementləri tamaşaçını hər zaman valeh edib. Bu günə kimi qrup AmerikaAvropada 40-dan çox qastrol səfərində olub, bir çox beynəlxalq caz festivallarında iştirak edib.

Sonra qrup səhnəyə çıxaraq bir-birindən maraqlı ifalarını təqdim etdi. Zərif Asiya ritmləri və eyni zamanda geniş kompozisiya ilə auditoriyanı ələ alan qrup cazsevərlərə unudulmaz anlar yaşatdı.

Konserti izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, tanınmış musiqiçi və incəsənət xadimləri vardı.

Oktyabrın 28-də Heydər Əliyev Sarayında festivalın daha bir konserti təqdim olunub. Gecədə amerikalı cazmen Stenli Klark (Stanley Clarke) çıxış edib.

Festival oktyabrın 30-da başa çatacaq. Həmin gün Dövlət Mahnı Teatrında “Cəngi” caz qrupu, Bakı Caz Mərkəzində isə Arslan Növrəsli və qrupu çıxış edəcək.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 2.