Bütün zamanların sənətkarı

 

Oktyabrın 25-də böyük müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının 6 ili tamam oldu. Bu münasibətlə rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda sənətkarın xatirəsini yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

 

Anma mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək səsi ilə dünyanı fəth edən, Azərbaycan musiqi sənətində böyük iz qoyan Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı mühüm nailiyyətlərini yüksək qiymətləndirib. Qeyd olunub ki, Müslüm Maqomayevin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirib.

Nazir müavini dövlətimiz tərəfindən böyük müğənninin sənətinə yüksək qiymət verildiyini, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qərarların icra olunduğunu söyləyib.

Xalq artisti, Müslüm Maqomayevin dostu Eldar Quliyev müğənninin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskayanın xəstə olduğu üçün anım tədbirinə qatıla bilmədiyini söyləyib. O, havanın yağışlı olmasına baxmayaraq, Müslüm Maqomayevi anmaq üçün məzarı üstünə toplaşanlara həm öz, həm də sənətkarın xanımı adından təşəkkürünü bildirib.

Görkəmli müğənni ilə eyni musiqi məktəbində, sonralar isə konservatoriyada oxuduqlarını söyləyən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə onun simasında alicənab, davranışlarında ziyalı olan böyük bir insanı gördüyünü vurğulayıb. Bildirilib ki, unikal səsə malik Müslüm Maqomayev milyonlarla insanın məhəbbətini, rəğbətini qazanıb. Onun “Azərbaycan” mahnısı ölkəmizin simvoluna çevrilib. F.Əlizadə Müslüm Maqomayevin Bəstəkarlar İttifaqının üzvü olmasını fəxrlə qeyd edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov Müslüm Maqomayevin məzarı üstündəki xatirə abidəsinin müəllifi kimi böyük musiqiçinin obrazını yaratmaqdan şərəf hissi duyduğunu söyləyib: “Bu abidədə Müslüm Maqomayevi hər zaman səhnədə çıxış edən, romantik, gözəl görünüşlü, tükənməz enerjili ifaçı kimi əks etdirməyə çalışdım”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Müslüm Maqomayevin Azərbaycana və insanlara məhəbbətindən danışıb.

Xalq artisti, professor Xuraman Qasımova da xatirələrini bölüşüb, Müslüm Maqomayevin səsinin vurğunu olduğunu söyləyib. Ölkəmizi dünyada tanıdan, təkrarolunmaz müğənninin həmişə gənclərin uğurlarına sevindiyini qeyd edib. Vurğulanıb ki, məhz buna görə vokalçıların Müslüm Maqomayev adına beynəlxalq müsabiqəsi böyük maraq doğurur. Onun xatirəsi, sənəti, bənzərsiz ifaları heç vaxt qədirbilən xalqımız tərəfindən unudulmayacaq.

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 5.