Dövlət qayğısı yüksək səviyyəli tədrisə zəmin yaradır

 

Lökbatan qəsəbəsində uşaq musiqi məktəbinin yeni binası istifadəyə verildi

 

Oktyabrın 29-da paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi keçirildi.

 

Açılışda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, incəsənət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin yeni binasının istifadəyə verilməsini Lökbatan qəsəbəsi sakinləri üçün əlamətdar hadisə olduğunu dedi. Bildirdi ki, yeni bina "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq tikilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının, musiqi və incəsənət məktəblərinin əsaslı təmir-bərpa olunduğunu, yeni binaların inşa edildiyini diqqətə çatdıran nazir müavini bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi:Bu, cənab Prezidentin mədəniyyətimizə, böyüməkdə olan gənc nəslin təhsilinə göstərdiyi qayğısının nəticəsidir. Mən əminəm ki, musiqi məktəbində yaradılan gözəl şərait buradakı tədris prosesinə də müsbət təsirini göstərəcək".

Nazir müavini həmçinin məktəbin bir neçə ansamblının həm ölkəmizdə, həm də xaricdə mədəniyyətimizi layiqincə nümayiş etdirdiyini bildirdi, kollektivə yeni uğurlar arzuladı.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov da musiqi məktəbinin yeni binasının istifadəyə verilməsini mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu bildirdi. Qeyd etdi ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün son illər Qaradağ rayonu ərazisində bir sıra sosial obyektlər tikilib istifadəyə verilib.

Daha sonra çıxış edən təhsil ocağının direktoru Əfrasiyab Dadaşov məktəbin tarixinə nəzər saldı. Qeyd olundu ki, 1959-cu ildən fəaliyyət göstərən musiqi məktəbinə 1989-cu ildə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun adı verilib. Yeni binada tədris üçün hər cür şərait yaradıldığını deyən direktor bu işdə əməyi olanlara minnətdarlığını bildirdi.

Sonra tədbir iştirakçıları məktəb binası ilə tanış oldular. Məlumat verildi ki, üçmərtəbəli binada 23 fərdi məşğələ otağı, 5 qrup, 2 zərb alətləri otağı, 7 inzibati otaq, 2 qrim otağı, oxu zalı, yeməkxana və akt zalı var. Musiqi məktəbində hazırda fortepiano, klarnet, tar, kamança, saz, xanəndə, vokal və digər ixtisaslar üzrə 400 şagird təhsil alır, 75 müəllim çalışır. Müəllim və şagirdlər şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir.

Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 5.