İspaniya ölkəmizlə mədəniyyət və turizm əlaqələrini inkişaf etdirmək istəyir

 

Barselona Sərgi Mərkəzinin baş icraçı direktoru Azərbaycan tərəfinə "Ağıllı şəhər" layihəsini təqdim edib

 

Oktyabrın 30-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İspaniyanın keçmiş xarici işlər və əməkdaşlıq naziri Migel Anxel Moratinosun rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. Görüşdə İspaniyanın Rusiyadakı keçmiş səfiri Xuan Antonio MarçBarselona Sərgi Mərkəzinin baş icraçı direktoru Rikard Zapatero iştirak edib.

Söhbət zamanı iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın vəziyyəti haqqında müzakirələr aparılıb, Azərbaycan və İspaniya arasında mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inam ifadə olunub. Barselona Sərgi Mərkəzinin baş icraçı direktoru Rikard Zapatero nazir müavininə "Smart city" ("Ağıllı şəhər") layihəsini təqdim edib və həmin layihənin Bakıda da həyata keçirilməsinin faydalı olacağını söyləyib. Nazir müavini Azərbaycanın qabaqcıl layihələrdə iştiraka hazır olduğunu qeyd edərək, bu layihəyə diqqət göstəriləcəyini bildirib.

Nazim Səmədov qonaqlara 2015-ci il 2-4 aprel tarixində Bakıda keçirilməsi planlaşdırılan ənənəvi AİTF beynəlxalq turizm və səyahətlər sərgisi, həmçinin 2015-ci ilin 19-22 mayında təşkil olunması nəzərdə tutulan III Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib, İspaniyanın müvafiq qurumlarının səlahiyyətli nümayəndələrini, habelə turizm şirkətlərini qeyd edilən tədbirdə iştirak etməyə dəvət edib.

 

Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 4.