Azərbaycan və Türkiyə sağlamlıq turizmi sahəsində əməkdaşlıq edəcək

 

Avqustun 29-da Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) nümayəndələri Azərbaycanda işgüzar səfərdə olub. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov nümayəndə heyətini qəbul edib.

 

Görüşdə TÜRSAB-ın baş katibi Çetin Gürcün, idarə heyətinin üzvü Davut Günaydın, eləcə də nazirliyin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev iştirak edib.

Görüş zamanı iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri, problemlər və gələcək birgə fəaliyyət məsələləri müzakirə olunub. Turizm sektorunun yeni istiqaməti olan sağlamlıq turizminin inkişaf meylləri, 2014-2015-ci illərdə Türkiyə və Azərbaycanda bu mövzuda konfrans, sərgi və seminarların həyata keçirilməsi mexanizmləri diqqət mərkəzində olub. Həmçinin Türkiyənin qabaqcıl təcrübəsinin yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycanda tətbiqi imkanları dəyərləndirilib. Qonaqlara Azərbaycan sağlamlıq turizminin inkişaf meyarları haqqında geniş məlumat verilib.

Sonda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə TÜRSAB-ın Sağlamlıq Turizmi Komitəsi arasında əməkdaşlıq memorandumunun ilin sonuna qədər imzalanması qərara alınıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 6.