Azərbaycanlı musiqişünasın layihəsi İzmir sərgisində

 

Avqustun 29-da Türkiyənin İzmir şəhərində ənənəvi beynəlxalq sərgi (İzmir Enternasional Fuarı) işə başlayıb. Bu il 83-cü dəfə düzənlənən sərgidə bir-birindən fərqli məhsullar, layihələr təqdim edilir. İsmet İnönü Mədəniyyət Mərkəzində təşkil olunan ekspozisiyada bədən, zehinruh sağlamlığına xidmət edən sahələrə aid stendlər də var.

Sərgi çərçivəsində 1-3 sentyabr tarixində təqdim edilən “Naturel” (bədən, zehinruh sağlamlığı təsirləri) bölməsində dinamik, coşğulu Latın Amerika ritmləri, fitnes dərsləri və s. yanaşı, həmyerlimiz, musiqi terapiyası ilə məşğul olan Züleyxa Abdullayevanın “Səni sənə çalım” adlı piano layihəsi də yer alıb. Layihədə musiqi terapiyası ruh və bədən sağlamlığını təmin etmək vasitəsi, gündəlik qayğılardan, qorxu və stressdən xilas olmaq yolları kimi təqdim edilir. Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən İzmir Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən sərgi sentyabrın 7-dək davam edəcək.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 3 sentyabr.- S. 5.