Parisdə Azərbaycan dili tədris edilir

 

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan evinin təşkilatçılığı ilə artıq üç ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, yeni dərs ilinin ilk günündə şagirdlər, müəllimlər və valideynlərlə yanaşı, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

“Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, həftəsonu məktəbə layihəyə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycanın Fransadakı səfirliyinə minnətdarlığını bildirib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov layihənin əhəmiyyətindən danışıb, uşaqlara səfirlik adından dərsliklər və tədris ləvazimatları hədiyyə edib.

Parisdəki “Azərbaycan evinin təşkil etdiyi həftəsonu məktəbində şagirdlər yaş fərqinə görə iki qrupda təhsil alırlar. Həftənin şənbə günləri keçirilən dərslərdə müəllimlər uşaqlara əsasən Azərbaycan əlifbasını və Azərbaycan dilini tədris edirlər.

 

Mədəniyyət.- 2014.- 10 sentyabr.- S. 13.