Daşkənddə dostluq konserti

 

Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə bu ölkənin müstəqilliyinin 23-cü ildönümünə həsr edilən “Mən səni sevirəm, mənə əzizsən, doğma Özbəkistan” adlı dostluq konserti təşkil edib.

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev mərasim iştirakçılarını salamlayaraq, ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən söz açıb.

Diplomat deyib ki, Azərbaycan və Özbəkistanın dövlət başçıları arasında dostluq münasibətləri əlaqələrimizin daha da yüksəlməsinə təkan verib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələri inkişaf edir. Özbəkistanın uğurlarına sevindiyini bildirən səfir vurğulayıb ki, xalqlarımızın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri də çox yaxındır və bu qardaşlığımızın dərin köklərə söykəndiyindən xəbər verir.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru (DDPU), ÖADC-nin sədri, professor Şavkat Şaripov Özbəkistanın təhsil sahəsində uğurlarından, təmsil etdiyi qurumla AMM arasındakı əməkdaşlıqdan, birgə tədbirlərin keçirilməsinin vacibliyindən və gələcək planlarından söz açıb.

Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev deyib ki, özbək xalqı böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər söz sərraflarını çox sevir. Onların qəzəlləri üstündə oxunan muğamlar bu ölkədə çox bəyənilir. Azərbaycanda doğulub boya-başa çatmış Maqsud Şeyxzadə sonralar özbək ədəbiyyatının klassiklərindən birinə çevrilib. Bu yaxınlarda dünyasını dəyişmiş tanınmış şair İxtiyar Rza da ədəbi əlaqələrimizin yaxınlaşmasında körpü rolunu oynayıb.

Sonra səfir Hüseyn Quliyev əməkdaşlıq sahəsində uğurlara görə Şavkat Şaripov, Nəsrəddin Məhəmmədiyev, DDPU-nun müəllimləri Erkin Nuriddinov, İsrail ŞamsimuxammedovGülbahar Aşurovaya AMM-nin fəxri fərmanlarını təqdim edib.

Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov da diasporumuzun fəal üzvlərinə fəxri fərmanlar təqdim edib.

Sonda AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının ifasında milli rəqslərimiz, “Ozbekiston yoşlari” ansamblının ifasında isə Azərbaycan və özbək mahnıları səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 10.