“Halay”ın Macarıstanda çıxışı əks-səda doğurub

 

Folklor kollektivi dekabrda Budapeştdə keçiriləcək daha bir festivala dəvət alıb

 

Xəbər verdiyimiz kimi, iyulun 2-dən 7-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilib. 16 ölkədən 30-dək milli rəqs ansamblının iştirak etdiyi festivala bu il Azərbaycan fəxri qonaq qismində qatılmışdı.

 

Ölkəmizi mədəniyyət bayramında Masallı rayonunun məşhur «Halay» folklor kollektivi təmsil edib. Festivalda kollektivin çıxışı böyük əks-səda doğurub. Festival zamanı Azərbaycan musiqisi gecəsi təşkil edilib. Kaloça şəhərinin meri Ferents Terek sənətçilərimizə təşəkkürünü bildirib, Azərbaycan rəqslərinin tamaşaçıları valeh etdiyini deyib.

Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova qəzetimizə açıqlamasında səfərlə bağlı təəssüratlarını bölüşdü. Bildirdi ki, kollektiv bu festivalda ilk dəfə iştirak etsə də, sənətçilərimizə xüsusi münasibət olub: «Festivalın ilk günü bütün ölkələrin təmsilçilərinə 5 dəqiqəlik çıxış vermişdilər. Bundan sonra açılış konserti oldu. Bizim çıxışımız Kaloça şəhəri merinin və təşkilatçıların o qədər xoşuna gəlmişdi ki, bu konsertdə digər iştirakçılara 8 dəqiqə, Azərbaycana isə 45 dəqiqə vaxt ayrılmışdı. Kollektivimizin çıxışı bitdikdən sonra tamaşaçıların alqışları bitmədi və onlar təkrar səhnəyə qayıtmalı oldular. Hətta bu çıxışdan sonra da bizim nağaraçılardan ibarət kollektiv təkrar bir nömrə ilə çıxış etdi».

Şöbə müdiri deyir ki, festival çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün mədəni proqram təşkil edilib: «Kaloçada atçılıq muzeyinə getdik. Burada məxsusi olaraq Azərbaycan nümayəndə heyəti üçün at yarışması təşkil etdilər. Bu yalnız bizə yox, Azərbaycan dövlətinə, xalqımıza olan münasibət idi. Macarların Azərbaycan rəqslərinə marağı o qədər böyük idi ki, səfərimizin üçüncü günü xahiş etdilər ki, onlara ustad dərsləri keçək. Ustad dərslərini əvvəlcə Kaloça şəhərinin rəqs kollektivinə keçdik. Sonra isə şəhər meriyasının qarşısındakı meydanda sakinlərə rəqs öyrətdik. Şəhər əhalisinin demək olar ki, yarıdan çoxu həmin meydanda idi. Sizə bir faktı da deyim ki, «Halay» folklor kollektivinin facebook səhifəsinə Kaloça şəhərindən 8 mindən artıq giriş var».

Həmsöhbətimizin sözlərinə görə, Macarıstanda bir festivalda iştirak üçün dəvət alsalar da, əslində iki festivalda iştirak ediblər: «İyulun 6-da Macarıstanın Keçkemik şəhərinə gəldik. Burada cücə festivalı keçirilirdi. Açılış konsertində yenə də bizə çıxış etmək üçün 1 saat vaxt ayrılmışdı. Halbuki digər iştirakçı ölkələrə ayrılan vaxt 20 dəqiqə idi”.

Bu səfərdən sonra «Halay» Macarıstanın müxtəlif qurumları tərəfindən təşkil olunan tədbirlərə dəvət alıb: “Dekabrda Budapeştdə keçiriləcək festivala da dəvət almışıq. Bundan başqa, Macarıstan festivalında iştirak edən ölkələrdən - Serbiyadan, Bolqarıstandan da bizə dəvətlər gəlib. Bunların müqabilində biz də gələn il Masallıda keçiriləcək folklor festivalına Macarıstandan Kaloça şəhərinin rəqs ansamblını dəvət etdik. Şəhərin meri Ferents Terek Masallıya şəxsən gələcəyinə söz verdi. O, Azərbaycanı çox sevən bir insandır. Ölkəmiz haqqında olduqca geniş məlumata malikdir».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 17 sentyabr.- S. 12.