Üzeyir bəyin xatirəsi ev-muzeyində yad olundu

 

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirildi.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov çıxış edərək mədəniyyət tariximizdə xüsusi yeri olan bu əlamətdar günün tarixi barədə danışdı. Qeyd etdi ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərləri dünya xalqları tərəfindən sevilir, rəğbətlə qarşılanır. Sərdar Fərəcov Üzeyir irsinin, milli musiqi sənətimizin təbliğində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalının əhəmiyyətini vurğuladı.

“Gəmiqaya” Elm və Təhsil Mərkəzinin rəhbəri Əli İbrahimbəyli çıxış edərək 1995-ci ildən dövlət səviyyəsində qeyd olunan Üzeyir Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bəstəkarın yaradıcılıq yoluna qısa nəzər yetirdi. Mərkəz tərəfindən nəşr edilən “Azərbaycanın görkəmli bəstəkarları” fotoalbomu tədbir iştirakçılarına təqdim olundu.

Fotoalbomun Bəstəkarlar İttifaqının yardımı, həmçinin arxiv və mədəniyyət müəssisələrindən toplanan fotolar əsasında hazırlandığını deyən Ə.İbrahimbəyli Azərbaycan musiqisini dünyaya tanıdan görkəmli bəstəkarları öyrənmək baxımından bu cür nəşrlərə ehtiyac olduğunu bildirdi. Albomda bir çox görkəmli bəstəkarlarımız haqqında qısa məlumat da verilib.

Tədbirdə daha sonra Əməkdar müəllim, professor Telman Ağdamski çıxış edərək Üzeyir bəyin irsindən söz açdı. Yazıçılar Birliyinin Qarabağ filialının sədri, şair Ənvər Əhməd bəstəkara ithaf etdiyi şeirini söylədi.

Çıxışlardan sonra Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Xəzər Universitetinin kamera ansamblı, G.Şaroyev adına 35 saylı musiqi məktəbinin kollektivləri Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr ifa etdilər.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 19 sentyabr.- S. 4.