Muğam sənətimizin təbliği yolunda daha bir addım

 

“Azərbaycan muğam ensiklopediyası”nın rus dilində nəşri təqdim olundu

 

Sentyabrın 25-də Muzey Mərkəzində “Azərbaycan muğam ensiklopediyası”nın rusca nəşrinin («Enüiklopediə azerbaydjanskoqo muqama») təqdimat mərasimi keçirildi. Ensiklopediya 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan dilində çap edilib.

 

Mərasimi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq son illər muğam sənətimizin intibah dövrünü yaşadığını vurğuladı. Qeyd etdi ki, bu sənətin yaşamasında və təbliğində muğam ifaçılarımızla yanaşı, onun nəzəriyyəsini tədqiq edən alimlərimizin də böyük xidmətləri var: “Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı genişmiqyaslı layihələrindən dünyaya ən çox səs salanı «Muğam aləmi» layihəsidir. Layihə çərçivəsində artıq üç dəfə beynəlxalq muğam festivalı keçirilib. Festival günlərində gənc muğam ifaçılarının müsabiqəsi, elmi simpoziumlar təşkil edilir. “Azərbaycan muğam ensiklopediyası”nın rus dilində çapı da bu sənəti daha geniş təbliğ etmək istəyindən yaranıb”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərdə Azərbaycan əxlaqını, mənəviyyatını qoruyub yaşatmış milli muğam sənəti barədə bütün elmi biliklərin toplandığı bir kitabın rus dilində təqdimatının keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı: “Nəşr böyük zəhmət bahasına, çox böyük zövqlə ərsəyə gəlib, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi kollektivin əməyinin bəhrəsi kimi işıq üzü görüb. Rus dilində danışan, bu dildə məlumat əldə edən insanların sayının 100 milyonlarla olduğunu nəzərə alsaq, bu ensiklopediyanın Azərbaycan musiqisinin təbliğinə nə qədər böyük töhfə olduğunu görərik. Bilirsiniz ki, Heydər Əliyev Fonduonun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində necə böyük işlər görür. Artıq ənənəyə çevrilmiş beynəlxalq statuslu Üzeyir Hacıbəyli, Qəbələ, Rostropoviç, caz festivalları Heydər Əliyev Fondunun himayəsi altında keçirilir. Mən bu böyük işdə, ensiklopediyanın hazırlanmasında zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ötən əsrin əvvəlindən başlayaraq muğam sənətinin musiqi məclislərindən muğam operası, simfonik muğam, muğam-caz janrlarınadək inkişaf etdiyini diqqətə çatdırdı: “Təqdirəlayiq haldır ki, son illər muğam elmiinkişaf edir. Əsrlər boyu muğam sənətinin tədqiqatçıları olsa da, bu sahə sistemli öyrənilməyib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda muğam şöbəsi açılıb ki, onun vəzifəsi bu sənətlə bağlı tədqiqatları bir yerə cəmləşdirməkdən ibarətdir. Muğam ensiklopediyasının rus dilində nəşri milli muğamın dünyada tanıdılması, təbliği yolunda böyük bir addımdır. Arzu edirəm ki, bu ensiklopediya ingilis dilində də çap edilsin”.

Ensiklopediya üzərində çalışmış rusiyalı musiqişünas, Rusiya Ensiklopediyasının redaktoru Olqa Frolova da bu təqdimata qatılanlar arasında idi: “Xoşbəxtəm ki, “Azərbaycan muğam ensiklopediyası”nı çapa hazırlayan zəhmətkeş kollektiv ilə çalışmaq mənə də nəsib oldu. Ensiklopediya çox yüksək poliqrafik keyfiyyətdə çap edilib. Nəşr üzərində çalışarkən rastlaşdığımız əsas çətinlik muğam terminləri ilə bağlı oldu: rus dilində dəstgah, şöbə, rəng, guşə kimi muğam terminlərinin tam qarşılığı yoxdur. Lakin biz bu çətin problemin də öhdəsindən gəldik. Ensiklopediya digər mədəniyyətlərin nümayəndələrinin Azərbaycan muğamını daha rahat anlaması və sevməsi üçün zəmin yaradır”.

Akademiklər Vasim Məmmədəliyev və Rafael Hüseynov, qocaman xanəndə Əlibaba Məmmədov da ensiklopediyanın əhəmiyyətindən, Azərbaycan muğamının digər xalqların muğam sənətlərindən üstün və fərqli cəhətlərindən danışdılar. Ensiklopediya üzərində çalışmış musiqişünaslar İradə Köçərli və Səyyarə Ağayeva prosesi barədə məlumat verdilər. Mərasimin sonunda Xalq artisti Mənsum İbrahimovun və yetirmələrinin iştirakı ilə qısa muğam konserti təqdim olundu.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 3.