Moskvada beynəlxalq kitab sərgi-yarmarkası

 

63 ölkənin iştirak etdiyi sərgi-yarmarkada Azərbaycan kitabları da nümayiş olunur

 

Sentyabrın 3-də XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. Ümumrusiya Sərgi Mərkəzində keçirilən sərgi-yarmarkada 63 ölkənin nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatları iştirak edirlər.

 

Tədbirdə ölkəmiz də təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Faiq Xudanlı bildirib ki, sərgidə 500-ə yaxın adda kitabımız nümayiş etdirilir: "Nümayiş olunan kitablar əsasən Azərbaycanın dövlətçiliyinə, kitab sənətinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağ probleminə, Xocalı soyqırımına həsr olunub". Nazirlik nümayəndəsi milli stendə “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı reklam vasitələrinin yerləşdirildiyini, ziyarətçilərə bu beynəlxalq tədbir haqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylandığını da diqqətə çatdırıb. Azərbaycan stendinə rusiyalı oxucular böyük maraq göstərir. Ziyarətçilər ölkəmizin turizm imkanları, bu barədə nəşrlərlə xüsusilə maraqlanırlar.

Sərgidə maraqlı məqamlardan biriİran İslam Respublikasının stendində Azərbaycan dilində, latın əlifbası ilə kitabların nümayiş etdirilməsidir. İran stendində Azərbaycan dilində yazılan kitablar əsasən dini ədəbiyyat nümunələridir.

Qeyd edək ki, 1987-ci ildən etibarən hər il keçirilən və dünyanın ən nüfuzlu sərgilərindən olan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 200 mindən çox kitab nümayiş olunur.

Unikallığı ilə seçilən yarmarkada kitablardan əlavə maraqlı jurnallar, son dövrün ictimai-siyasi mənzərəsini əks etdirən fotoillüstrasiyalar sərgisi də yer alıb. Rusiyalı rəssam Andrey Budayevin "Oborona 2014", "Qoloya pravda 2015" təqvim jurnalları sərgiyə gələnlərin böyük marağına səbəb olub. Rəssamın yaratdığı "Qoloya pravda 2015" təqvim jurnalında yer alan fotoillüstrasiyalar Ukrayna böhranına həsr olunub.

XXVII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 7-dək davam edəcək. Kitabsevərlər Rusiyanın müasir yazıçılarından Boris Akunin, Tatyana Tolstaya, Lev Anninski, Edvard Radzinski, Zaxar Prilepin, Dmitri Qluxovski, Vladimir Voynoviç, eləcə də Polşa, Serbiya, Latviya, Özbəkistan, Sloveniya, Makedoniya və digər ölkələrin müasir yazıçıları ilə görüşmək imkanı qazanıblar.

Sərgi çərçivəsində MDB ölkələri arasında keçirilən ənənəvi "Kitab sənəti" beynəlxalq müsabiqəsinin builki laureatları da mükafatlandırılacaqlar. Azərbaycandan müsabiqənin "Qran-pri" nominasiyası üzrə Xalq yazıçısı Elçinin "Nədir ömrün mənası" kitabı, "Elm və təhsil" nominasiyası üzrə Rəna Əfəndizadənin "Memar Rəhim Seyfullayev" kitabı, art-kitab nominasiyası üzrə isə Xalq rəssamı Tahir Salahovun kitabları qalib elan olunublar.

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 16.