Teatrda yeni texnologiyalar

 

Elmin inkişaf etməsi ilə müasir texnologiyalar daha çox tələblərə cavab verir. Sözsüz ki, bu yeniliklər yaradıcı insanların da diqqətini çəkir, rəssam, memar və bəstəkarlar öz yaradıcılıqlarında bu vasitələrdən daha çox bəhrələnirlər. Bu gün heç bir musiqi alətindən istifadə etmədən, yalnız kompyuterin köməyi ilə musiqi əsərləri yaratmaq mümkündür.

 

Bu vasitələr yaradıcı təfəkkürdəki ideyaları həyata keçirməyə və ilk baxışdan fantastik görünən fikirləri tamaşaçıya təqdim etməyə imkan verir. Yeni texnologiyaların köməyi ilə hətta fiziki imkanları məhdud olan şəxslər də yaradıcılıqla məşğul olmaq şansı əldə edirlər. Ağır xəstəlikdən sonra iflic olmuş Böyük Britaniya vətəndaşı Sara Eyzekil xüsusi kompyuter proqramı vasitəsilə gözünün hərəkəti ilə monitorda rəsm əsərləri çəkir. Göz bəbəyinin hərəkətinə həssas olan bu proqram məhz fiziki hərəkəti məhdud insanlar üçün yaradılıb.

Yeni texnologiyaların yaradıcılıq prosesinə təsiri teatrda da özünü göstərir. Teatr bütün zamanlarda texniki nailiyyətlərdən öz “məhsulunu” daha baxımlı etmək üçün istifadə edib. Əlbəttə, hər dövrün özmüasir texnologiyaları” mövcud olmuşdu. XVI əsrdə İtaliya teatrında səhnəqrafiyada istifadə olunan mexaniki vasitələr, perspektiv rəsmlər və qaz lampası (daha sonralar elektrik lampası) o dövrün texniki yenilikləri hesab edilirdi.

Yeni multimedia vasitələrinin köməyi ilə səhnədə yaradılması qeyri-mümkün olan şəraiti və yaxud hadisəni fonoqram, video-effektlər və video-installyasiyalar vasitəsilə yaradırlar. Musiqi-informasiya texnologiyalarından (multimedia vasitələrindən) ustalıqla istifadə edən, istedadlı bəstəkar tərəfindən hazırlanan fonoqram orkestr ifası qədər təsirli və gözəl ola bilər. Fonoqramda teatr daxilində mümkün olmayan və hətta fantastik səs effektlərindən istifadə edilə bilər. Video-installyasiya və video-effektlər səhnəqrafiyanın bir elementi olaraq ümumi tamaşanın qurulmasında özünəməxsus yer tutur, tamaşanı daha maraqlı və cəlbedici edir. Hətta aktyorun səhnədə hərəkətləri ilə sinxronluq, ahəngdarlıq yaradan, səs və işığa təsir edən xüsusi proqramlar da mövcuddur. Vaxtilə kompyuter musiqisi ilə məşğul olanbu sahədə araşdırmalar aparan bir neçə şəxsin yaratdığı “Max” proqramı sonralar bir çox dəyişikliklərə uğrayıb. İlk olaraq musiqiçilər üçün yaradılan proqram zaman keçdikcə universal alətə çevrildi. Bu proqram səs və görüntünün insanla əlaqəsinin qurulmasına xidmət edir.

Ümumiyyətlə, səs və görüntüyə aidiyyəti olan istənilən kompyuter proqramı buyaxud digər səviyyədə teatrda istifadə oluna bilər. Rejissor və rəssamlar müasir multimediaya gündən-günə daha çox müraciət edirlər. Belə texnologiyaların istifadəsi ilə qurulan tamaşalar beynəlxalq festivallarda uğurla nümayiş olunur. Bu yaxınlarda Britaniyanın məşhur “1927” teatr şirkətinin Bakıda nümayiş etdirdiyiHeyvanlaruşaqlar küçələri zəbt etdilər” tamaşası bu baxımdan dünyada geniş əks-səda yaradan səhnə əsərlərindəndir.

Qeyd etmək lazımdır ki, yeni texnologiyalar Azərbaycan teatrlarında da uğurla tətbiq olunur. Akademik Milli Dram Teatrı 2011-ci ildə başa çatmış əsaslı təmirdən sonra teatrsevərlərin istifadəsinə verilib. Teatr ötən müddətdə tamaşaçıları yeni, rəngarəng tamaşalarla sevindirib, beynəlxalq festivallarda iştirak edib, xarici ölkələrdə qastrol səfərlərində olub. Təmirdən sonra teatr bütün müasir avadanlıqlarla təmin olunub və əldə olunan uğurlarda yeni texnologiyaların payı danılmazdır. Tamaşaların qurulmasında multimedia vasitələrindən geniş istifadə olunur. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə tərəfindən səhnələşdirilən “Qatil” (müəllif Xalq yazıçısı Elçin), gənc və istedadlı rejissor Mikayıl Mikayılovun quruluş verdiyiŞahşair” (Kamal Abdulla) tamaşalarında video-effektlərdən və multimedia vasitələrindən istifadə olunub. Bundan başqa, “Zəfər” yaradıcılıq studiyasında Xalq artisti, rejissor Azər Paşa Nemətin quruluş verdiyi “Afinalı Timon”, Yuğ Dövlət Teatrında polşalı rejissor Tomaş Leşşinskinin müəllifi olduğu və beynəlxalq layihə çərçivəsində hazırlanan “Sərhəddə” tamaşalarında müasir texnologiyalardan istifadə edilib.

Göründüyü kimi, müxtəlif nəsillərin nümayəndələri olan azərbaycanlı rejissorlar da öz yaradıcılıqlarında yeni texnologiyaların imkanlarından istifadə edirlər. Bu da öz növbəsində milli teatrımızın uğurlarındandır.

 

Elşad Əliyev,

AMEA Memarlıq və İncəsənət İnstitutunun doktorantı

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 15.