Şəkidə ilk regional turizm şirkəti fəaliyyətə başlayacaq

 

Yeni şirkət Azərbaycanın şimal-qərb bölgəsinə turistlərin cəlb edilməsi ilə məşğul olacaq

 

Bu günlərdə ölkəmizdə Şəki Travel adlı yeni turizm şirkəti fəaliyyətə başlayacaq.

 

Bu barədə qəzetimizə məlumat verən Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyevin sözlərinə görə, Azərbaycanda ilk regional turizm şirkəti olan Şəki Travelin əsas işi ölkənin şimal-qərb bölgəsinə turistlərin cəlb edilməsi, turist səfərlərinin koordinasiyası olacaq: Bildiyiniz kimi, qədim tarixə, bənzərsiz təbiətə malik, milli mətbəxi ilə məşhur olan Şəki ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Son illər rayonda güclü turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülür. Yeni mehmanxanalar, istirahət mərkəzləri tikilir, yollar təmir olunur, körpülər salınır. Bütün bunlar imkan verir ki, Şəkiyə daha çox turist cəlb edilsin. Bizim yaratmaq istədiyimiz turizm şirkəti fəaliyyətini bu istiqamətdə quracaq. Bu ideya Mədəniyyət Turizm Nazirliyi tərəfindən bəyənilib.

Həmsöhbətimiz qeyd etdi ki, Şəki Turizm İnformasiya Mərkəzi tərəfindən Şəkinin ümumiyyətlə, bölgənin tanıtımı istiqamətində bir çox işlər görülür: Xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin, mədəni-tarixi abidələrinin, hotellərinin, istirahət mərkəzlərinin, tanınmış sənətkarlarının koordinatları qeyd edilib. Şəki Turizm İnformasiya Mərkəzi tərəfindən rayonun tarixi abidələri ilə bağlı bukletlər hazırlanıb. Bunları mərkəzə müraciət edən hər bir turistə pulsuz olaraq təqdim edirik. Bundan əlavə, yeni turizm marşrutları işləyib hazırlamışıq. Bunlar həm Şəkini, həm turizm potensialı baxımından geniş imkanları olan qonşu Qax rayonunu əhatə edir. Marşrutları tərtib edərkən çalışmışıq bölgədəki tarixi-mədəni abidələri, xüsusilə alban məbədlərini əhatə edək. İstəyirik Kiş kəndindəki alban abidəsi kimi, digər abidələrin mövcud vəziyyətini diqqətə gətirib, onların təmir-bərpasına nail olaq. Çünki bu abidələr rayonumuza gələn turistlərin ən çox maraqlandığı ziyarət etdiyi obyektlərdəndir.

Budəfəki qış tətili günlərində bölgəyə çoxlu turist gəlib. Burada fəaliyyət göstərən 20-yə yaxın turizm istirahət mərkəzi qonaqlara lazımi xidmət göstərir. 2013-cü ilin sentyabrında istifadəyə verilən Şəki Palas hoteli, Kiş kəndində, dağlıq ərazidə yerləşən Cənnət bağı istirahət mərkəzi, Şəki sahil İSSAM mehmanxanaları digər obyektlərdə istirahət edənlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Britaniya başqa xarici ölkələrdən qonaqlar da olub.

Qış tətilində Şəkiyə turist axınının artmasını nəzərə alaraq şəhərdəki muzeylər, tarixi-mədəni məkanlar da fasiləsiz rejimində işləyiblər. Yuxarı baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətində olub.

Hər zaman olduğu kimi, bu dəfə Şəki mətbəxinin özünəməxsusluğu turistləri cəlb edib. Qonaqlar Şəki pitisinə, Şəki paxlavası digər şirniyyat növlərinə böyük maraq göstəriblər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 9.