Azərbaycan xalçalarının yeni sayı işıq üzü görüb

 

Azərbaycan xalçaları elmi-publisistik jurnalının yeni sayı çapdan çıxıb. 2014-cü il yanvar ayının ilk günlərində işıq üzü görən jurnalın 9-cu sayında da Azərbaycan xalçaçılığına dair xəbərlərə, tədqiqatlara və müsahibələrə yer ayrılıb.

 

Azərilmə MMC-nin mətbuat xidmətinin rəhbəri Tünzalə Babayevanın qəzetimizə verdiyi məlumata görə, oxucular nəşrin bu sayında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə bağlı materialla, Naxçıvan Muxtar Respublikasının əsas xalçaçılıq məntəqələri, həmçinin Azər-İlmədə olmuş əcnəbi qonaqların fikir və təəssüratları ilə tanış olacaqlar. Üç dildə nəşr edilən jurnalda miniatür sənətinin tarixinə nəzər salınır, qədim əlyazmaların taleyindən söz açılır. Məşhur xalça rəssamı Cəfər Mücrinin yaradıcılığı, Türkiyə və Azərbaycan incəsənət əsərlərində tətbiq olunan nəbati motivlərin təsnifatı, Özbəkistan tikmələri, Qarabağ xalçaçıları haqqında yazıları da jurnalın 9-cu sayında oxumaq olar.

Jurnaldakı Mərəzədən Mərəsəliyədək məqalədə isə Şirvan xalçalarının mənşəyi probleminə toxunulur, adıçəkilən ərazilərin tarixi-etnoqrafik təhlili verilir. Londonun Halı jurnalında dərc olunmuş Zaqatalaya gedən yolda məqaləsinin Azərbaycan dilinə tərcümə edilmiş variantı da oxucuların marağına səbəb olacaq.

Qeyd edək ki, Azərbaycan xalçaçılığının təbliği, onun dünya mədəniyyətində mövqeyinin möhkəmləndirilməsinə yardımçı olan jurnalın baş redaktoru dekorativ-tətbiqi sənət üzrə mütəxəssis, professor Vidadi Muradovdur.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 6.