Poeziyanın rəngi - rənglərin poeziyası

 

Nigar Rəfibəylinin şeirləri Məryəm Ələkbərlinin fırçasında

 

Letterpress nəşriyyat evində Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimovun Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr etdiyi Çiçəklər kitabı işıq üzü görüb. Nəfis tərtibatla, rəngli formatda dərc edilmiş kitabda gənc, istedadlı rəssam Məryəm Ələkbərlinin çəkdiyi əlvan çiçək şəkillərindən istifadə olunub. Kitabda rənglər, gözün, hissin yaddaşı, hikmətin dili, müşahidə və anlam eyni müstəviyə çıxarılaraq zövqlü, ruhlu, diri bir toplu yaradılıb. Kitabda 10 şeir, 19 çiçək təqdim olunub.

çiçəklər, Yasəmən, Lalə, Nərgiz gülü, Neyləyim, Çiçəklər şeirlərinə gənc rəssam Məryəm Ələkbərlinin çəkdiyi ayrı-ayrı tablolar çox yaşantılı, uyğun və sirayətedicidir. Bu rəssam qızın balaca ürəyində nə qədər gözəllik duyğusu, nə qədər ruh, nə qədər əlvanlıq varmış? Bu qız ruhən Nigar Rəfibəyliyə nədən belə yaxınmış?

Müəllif kitabın Ön sözündə Nigar Rəfibəyli poeziyasının və Məryəm Ələkbərlinin rənglər dünyasının həmahəngliyinə belə qiymət verir: ...Onun şeirlərini oxuyanda gözlərini yumub əlvan gözəllikləri aydın görə bilirsən. Təbiət Nigar xanıma çox böyük səxavətlə gözəllik duyumu bəxş edib... Kitabda siz onun güllərə həsr olunmuş şeirlərini gənc rəssam Məryəm Ələkbərlinin əlvan şəkilləri ilə birgə görəcəksiniz. Nigar Rəfibəylinin gülləri vəsf edən şeirlərini oxuyanda, rəsmlərə nəzər salanda bir anlıq gözlərini yumursan və bəstəkar Emin Sabitoğlunun şairin sözlərinə bəstələdiyi mahnını eşidirsən...

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 4.